Məhkəmə qərarları › İş №e-2(012)-3554/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3554/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3554/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rаyоn Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 200804-597864/4 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9388.55 manat və faiz borcuna görə 2267.35 manat olmaqla, ümumilikdə, cəmi 11655.9 manat borcun və 125.37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 200804-597864/4 saylı kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 44 ay müddətinə 12000 manat kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 200804-597864/4 saylı zaminlik müqaviləsinə əsasən, o, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da onlar banka olan borcu ödəməmişlər. xx.xx.2023-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə əsas borca görə 9388.55 manat, faiz borcuna görə 2267.35 manat olmaqla, cəmi 11655.9 manat kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə, bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə, kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə, gecikdirilmiş krediti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ASC-nin tələb etdiyi borc məbləği ilə razıdır. Özü hərbiçi işləmiş, lakin işdən azad edildiyi üçün ödəniş edə bilməmişdir. Hazırda pensiya almadığından ödəniş etməyə maddi imkanı yoxdur. İddia ərizəsinin təmin olunmasına etiraz etmir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 200804-597864/4 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 44 ay müddətinə qaytarmaq, illik 22% ödəmək şərtilə 12000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il tarixə kimi hər ay banka 399.72 manat (sonuncu ay isə 399.76 manat) ödəməklə qaytarmalıdır. -Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 200804-597864/4 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -»Expressbank» ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 7 təqvim günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 9388.55 manat və faiz borcuna görə 2267.35 manat olmaqla, cəmi 11655.9 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyeva X2 rayonu, Pirəkəşkül qəsəbəsi, 877 N Li saylı hərbi hissədə, Abasov X1 rayonu, Güzdək hərbi şəhərciyi, N saylı hərbi hissədə qeydiyyatdadırlar. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə, onun iddiaçıya əsas borca görə 9388.55 manat və faiz borcuna görə 2267.35 manat olmaqla, cəmi 11655.9 manat borcu yaranmışdır. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 200804-597864/4 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində banka əsas borca görə 9388.55 manat və faiz borcuna görə 2267.35 manat olmaqla, cəmi 11655.9 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 200804- 597864/4 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9388.55 (doqquz min üç yüz səksən səkkiz manat əlli beş qəpik) manat və faiz borcuna görə 2267.35 (iki min iki yüz altmış yeddi manat otuz beş qəpik) manat olmaqla, ümumilikdə, cəmi 11655.9 (on bir min altı yüz əlli beş manat doxsan qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 125.37 (yüz iyirmi beş manat otuz yeddi qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar