Məhkəmə qərarları › İş №e-2(012)-358/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-358/2024

24.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-358/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinin pəncərələrinin bağlanması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən 107 saylı evin və həyətin içinə baxan pəncərələrinin cavabdehin öz hesabına bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********71- 10301 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 107 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin torpaq sahəsini o, 2011-ci il tarixdə almış və ev tikməyə başlamışdır. Tikib qurtarandan sonra Cavabdeh 2016-cı ildə qonşuluqda fərdi yaşayış evi tikməyə başlamışdır. Cavabdeh evini tikən zaman onu düz sərhəddə qaldırmışdır. O, sərhəd xəttində evini tiksə də, həyətə pəncərəsinin açılmamasını xahiş etmişdir. O da bu tərəfə açılacaq pəncərənin olmayacağını, hər bir otağının öz həyətinə pəncərə açmaq üçün imkanı olduğunu bildirmişdir. Amma ev tikilən zaman pəncərələrinin ona tərəf qoyulduğunu görmüşdür. O, bu dəfə pəncərə yeri qoysa da, sonradan bağlayacağını bildirmişdir. Evi tikilib qurtardıqdan sonra ona aid həyətə tərəf nəinki qapalı pəncərə, açılan pəncərə qoyulmuşdur. Dəfələrlə buna öz iradını bildirsə də, nəticəsi olmamışdır. Hazırda onun birinci mərtəbədəki mətbəxinin pəncərəsi, ikinci mərtəbədə isə hər iki otağının pəncərəsi iddiaçının həyətinə baxır. Bu pəncərələrdən onun evi və həyəti daimi nəzarətdədir. Ailəsi evin içində, öz həyətlərində sərbəst gəzə bilmir. Yay aylarında uşaqlar üçün süni hovuz qurmuşdur ki, isti havalarda sərinləsinlər. Amma cavabdehin hər an pəncərədən baxması və baxmasından narahatlıq keçirmələri rahat formada uşaqların hovuzda çimməsinə mane olur. Cavabdeh və onun ailə üzvləri tərəfindən onun evi və həyətyanı sahəsi daimi göz altında olduğu üçün o, öz evində və həyətində sərbəst şəkildə yaşaya bilmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, cavabdeh evini iddiaçıdan öncə inşa etdirmişdir. Buna görə də hazırki iddia əsassızdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MA ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsindəki 0,0250 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İşdə olan ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsindəki 0,0250 ha torpaq sahəsində yerləşən 146,80 kv.metrlik fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2023-cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/390 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 9.12. bəndində əsasən zirzəmi mərtəbəsində yerləşdirilməsinə yol verilən sahələr istisna olmaqla, yaşayış otaqları və mətbəxlərin, binanın hüdudlarında yerləşən ictimai təyinatlı sahələrin təbii işıqlandırılması olmalıdır. Qeyd olunur ki, tikililərdə pəncərə boşluqlarının yerləşdirilməsi həmin tikililərə dair tərtib olunmuş layihə sənədləri ilə tənzimlənir. Cavabdehin fərdi yaşayış evinin mübahisəli pəncərələri həmin fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş **********62-10301 reyestr nömrəli Texniki Pasportda öz əksini tapmışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki göstəricilərinin həmin fərdi yaşayış evinə dair tərtib olunmuş “Texniki Pasport”a uyğun olduğunu nəzərə alaraq, Cavabdeh tərəfindən inşa edilmiş həmin pəncərələrin İddiaçı fərdi yaşayış evinə texniki müdaxilə etmədiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən mülkiyyət və istifadəsində olan yaşayış evləri qonşudurlar. Cavabdehin istifadə etdiyi evin 3 pəncərəsi iddiaçının mülkiyyətində olan evin həyətinə baxır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən 107 saylı evin və həyətin içinə baxan pəncərələrinin cavabdehin öz hesabına bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7-ci maddəsinə görə tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. bəndinə əsasən (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. AzDTN 2.1-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 9.12-ci bəndində göstərilir: - 9.12. TN və Q 2.08.02-və əsasən zirzəmi mərtəbəsində verləsdirilməsinə vol verilən sahələr istisna olmaqla, yaşayış otaqları və mətbəxlərin, binanın hüdudlarında yerləşən ictimai təyinatlı sahələrin təbii işıqlandırılması olmalıdır. Mövcud qanunvericiliyə görə tikililərdə pəncərə boşluqlarının yerləşdirilməsi həmin tikililərə dair tərtib olunmuş layihə sənədləri ilə tənzimlənir. Cavabdehin fərdi yaşayış evinin mübahisəli pəncərələri həmin fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş **********62-10301 reyestr nömrəli Texniki Pasportda öz əksini tapmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki göstəriciləri həmin fərdi yaşayış evinə dair tərtib olunmuş “Texniki Pasport”a uyğundur. Bu səbəbdən də, mübahisə araşdırılarkən Cavabdeh tərəfindən inşa edilmiş həmin pəncərələrin İddiaçı fərdi yaşayış evinə texniki müdaxilə etmədiyi müəyyən edilmişdir. Bu hal işdə olan mötəbər sənədlərlə, o cümlədən Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/390 saylı rəyi ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış evinin pəncərələrinin bağlanması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul isə iddiaçıdan alınaraq Məhkəmə Ekpertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evinin pəncərələrinin bağlanması tələbinə iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar