Məhkəmə qərarları › İş №e-2(012)-3581/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3581/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3581/2024 23.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 6 saylı Bakı Mediasiya Təşkilatnın xx.xx.2022-ci il tarixli sazişi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, faktiki nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya üçün ödədiyi 60 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2014-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə faktiki nikahdan iki övladılarıxx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Onlar faktiki olaraq ayrılmış və ayrı yaşayırlar. xx.xx.2022-ci ildə tərəflər arasında 6 saylı Bakı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə görə cavabdeh birgə nikahdan olan uşaqların saxlanması üçün ona hər ay bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdehin uşaqlarla ünsiyyət məsələsi də həmin sazişdə həll olunmuşdur. Hazırda o, 250 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə dəmən alimentin məbləğinin artırılması ilə bağlı cavabdehə təklif göndərmişdir. Lakin mediasiya zamanı cavabdeh alimentin artırılmasına razı olmadı. Ona görə də o, alimentin artırılması ilə bağl ıməhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, 250 manat alimentlə də uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. Uşaqların mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin faktiki nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya xərci 60 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, yalnız razılaşdıqları kimi hər ay hər uşaq üçün 125 manat aliment ödəyə bilər. O, 380 manat əmək haqqı alır və başqa gəliri yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-İV 725531 saylı və AZ-İV 383580 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur. Mülki işin materiallarından olan AZ-İ 437629 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşağın atası hesab edilmişdir. Mülki işin materiallarından olan AZ-İ 381885 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşağın atası hesab edilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Lumuxanım və İsmayıl adlı uşaqlara görə hər ay, hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlıların mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2024cü ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 60 manat məbləğində mediasiya xəcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, cavabdeh mediasiya prosesində iştirak etdiyi üçün bu hissədə tələb qismən təmin edilməli və ödənilmiş 60 manat mediasiya xərcinin yarısı, yəni 30 manat Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi yardım üçün ödənilən 300 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 görə hər ay, hər uşağa 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulmalı, həmçinin mediasiya xərcinə görə ödənilmiş rüsum 30 manat və hüquqi yardım üçün ödənilən 300 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin iddia təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 71.30 manat məbləğində dövlət rüsumu (400 manat x 12 ay + 300 manat hüquqi yardım üçün ödənilən məbləğ + 30 manat mediasiya xərcinə görə ödənilmiş məbləğ) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul şəklində aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş rüsum 30 manat və hüquqi yardım üçün ödənilən 300 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. 71.30 (yetmiş bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar