Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3582/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı Kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 1525.23 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı Kredit Kartına dair müqaviləyə əsasən Cavabdeh1 3720.08 manat əsas, 427.87 manat faiz olmaqla, cəmi 4147.95 manat məbləğində borcun və 76.73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 28 % dərəcəsi ilə 16500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin 3-cü bəndinə əsasən zamin şəxs Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ilə Cavabdeh1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı Kredit Kartına dair müqaviləyə əsasən ona 4000 manat məbləğində kredit verilmiş, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı Kredit müqaviləsinə əsasən1525.23 manat əsas borcu, xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı Kredit Kartına dair müqaviləyə əsasən isə 3720.08 manat əsas, 427.87 manat faiz, cəmi 4147.95 manat borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddia tam əsaslı və qanuni olduğundan iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdirlər. Belə olan halda məhkəmə AR Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı ASC ilə müştəri Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı Kredit müqaviləsi və əlavədən görünür ki, bank tərəfindən müştəriyə illik 28 % faiz dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 16500 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh2 sözügedən müqavilədən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürərək bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. -İddiaçı ASC ilə müştəri Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı Birbank Cashback kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən müştəriyə illik 27 % faiz dərəcəsi ilə qaytarmaq şərtilə 4000 manat məbləğində kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı müqavilə üzrə 1525.23 manat, xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı müqavilə üzrə 3720.08 manat əsas, 427.87 manat faiz olmaqla, 4147.95 manat borcu yaranmışdır. -İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli saylı pretenziya məktubu və poçt reyestrindən görünür ki, onlardan xx.xx.2021-ci və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və AR qanunlarının tələblərinə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdirlər. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdehlər müqavilə ilə üzərlərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində cavabdehlərin xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı müqavilə üzrə 1525.23 manat, Cavabdeh1 xx.xx.2023cü il tarixli, BRCB8975138A299 saylı müqavilə üzrə 3720.08 manat əsas, 427.87 manat faiz olmaqla, 4147.95 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 76.73 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 76.73 manat dövlət rüsumunun 35.25 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 41.48 manat hissəsi isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı kredit müqaviləsi üzrə 1525.23 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35.25 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq, həmçinin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı Birbank Cashback kredit xətti müqaviləsi üzrə 3720.08 manat əsas, 427.87 manat faiz olmaqla, cəmi 4147.95 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 41.48 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, GTKR3711000A123 saylı kredit müqaviləsi üzrə 1525.23 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35.25 manat hissəsi müştərək qaydada, həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixli, BRCB8975138A299 saylı Birbank Cashback kredit xətti müqaviləsi üzrə 3720.08 manat əsas, 427.87 manat faiz olmaqla, cəmi 4147.95 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 41.48 manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3582/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3582/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver