Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3632/2025 17.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2456.91 ABŞ dolları - bundan 775.18 ABŞ dolları əsas, 448.44 ABŞ dolları faiz, 1117.46 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.83 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 61.77 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitinin artırılması” məqsədilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdehə kredit “Əsas vəsaitinin artırılması” məqsədilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 330005657/ZM nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə Kreditorun Borcalana 3800 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 3800 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3321.67 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2456.91 ABŞ dolları təşkil edir. Bundan 775.18 ABŞ dolları əsas, 448.44 ABŞ dolları faiz, 1117.46 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 115.83 ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, sonuncu dəfə 2017-ci ildə ödəniş etmiş, daha sonra isə borcunu hara ödəməli olduğu ilə bağlı məlumat verilmədiyi üçün ödəyə bilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaiti məqsədilə illik faiz dərəcəsi 31 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsi ilə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3800 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. -Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh2 və Zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 330005657/ZM saylı kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərlərinə götürməsidir. -Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 8 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 3321.67 ABŞ dolları hesablanmışdır. -Zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, zamin xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır, restruktrizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir. -Problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan ‘‘Dəmirbank” ASC-yə 1317.81 manat məbləğində əsas kredit borcunun restrukturizasiya olunması təklif edilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixə hesablanmış 775.18 ABŞ dolları məbləğində ödənilməmiş əsas borc, 448.44 ABŞ dolları faiz borcu, 1117.46 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 115.83 ABŞ dolları olmaqla, ümumilikdə 2456.91 ABŞ dolları borcu vardır. -Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər banka olan borcu 3 gün ərzində ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan AR Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona dövriyyə vəsait məqsədilə illik faiz dərəcəsi 31 % olmaqla 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Həmçinin problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışda da Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə qalıq əsas borc məbləğinin 1317.81 manat (775.18 ABŞ dolları) təşkil etməsi qeyd edilmiş, həmin məbləğ restrukturizasiya üçün təklif edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 775.18 ABŞ dolları əsas borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 115.83 ABŞ dolları faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini, kreditə müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunu cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın müqavilə müddətinə hesablanmış faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və ləğv prosesində olan İddiaçı ASC-yə olan 1317.81 manat (775.18 ABŞ dolları) əsas kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin restrukturizasiya olunması təklif olunmuş əsas kredit borcundan və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu hissəsi təmin edilə bilməz. Məhkəmə iddianın “borcun həm də zamindən tutulmasına” aid hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kredit restruktrizasiya edilmiş və müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, illik 8 % olmaqla restrukturizasiya edilmiş kreditin qalıq məbləği 3321.67 ABŞ dolları hesablanmışdır. Zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, zamin xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Mülki Məcəllənin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün borcalan Cavabdeh2 və zamin Cavabdeh1 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhdəliyin icrası vaxtı (xx.xx.2022-ci il) çatdığı gündən bir il ərzində - xx.xx.2023-cü il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də, məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh1 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh1 aid hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə **********61 saylı qəbz əsasında 61.77 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 61.77 manat dövlət rüsumunun 35.14 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 26.63 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 775.18 ABŞ dolları əsas borc və gecikdirilmiş vaxt üçün hesablanmış 115.83 ABŞ dolları, ümumilikdə 891.01 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 35.14 manat hissəsi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 775.18 (yeddi yüz yetmiş beş ABŞ dolları 18 sent) ABŞ dolları əsas borc və gecikdirilmiş vaxt üçün hesablanmış 115.83 (yüz on beş ABŞ dolları 83 sent) ABŞ dolları, ümumilikdə 891.01 (səkkiz yüz doxsan bir ABŞ dolları 1 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 35.14 manat hissəsi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Ödənilmiş 26.63 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Mirnəsir Mirhəsənli