Məhkəmə qərarları › İş №e-2(012)-3679/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3679/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3679/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, maddi zərər görə 21.300 (iyirmi bir min üç yüz) manat pulun, iddia ərizəsinə görə ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumunun, ümumilikdə 21.455 (iyirmi bir min dörd yüz əlli beş) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci il avqust ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövürdə uzun müddət tanışlıq münasibətində olduğu Cavabdeh 21.300 (iyirmi bir min üç yüz) manat məbləğində borca pul vermişdir. Rasim yaxın dostunun sürücüsü olmuşdur. Pulun qaytarılması ilə bağlı dəfələrlə Rasimlə söhbətlər aparsa da o, hər dəfə borcunun olduğunu etiraf etmiş, lakin müxtəlif bəhanələr gətirməklə pulu ödəməmişdir. Sonuncu dəfə onunla olan danışığında evini satdıqdan sonra borcu ödəyəcəyinə söz vermiş, buna baxmayaraq hələ də heç bir ödəniş olunmamışdır. Həmçinin pulun qaytarılması ilə bağlı Cavabdeh yaşadığı evdə olarkən həmin şəxs və onun anası borc məbləğini etiraf etmiş, borcu qaytaracaqlarına söz vermiş və bu danışıqlar tərəfindən videoçəkilişlə qeydə alınmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, yalnız 6 min manatı iddiaçıdan almışdır. Amma digər qalan məbləği "xxxx" MMC-dən almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli 00058/2023 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu yaşayış sahəsinin tikintisi və təmiri məqsədilə 3000 manat pulu hissə-hissə qaytarmaq şərtilə borc almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 00060/2023 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu yaşayış sahəsinin tikintisi və təmiri məqsədilə 2300 manat pulu hissə-hissə qaytarmaq şərtilə borc almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 00059/2023 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu yaşayış sahəsinin tikintisi və təmiri məqsədilə 3000 manat pulu hissə-hissə qaytarmaq şərtilə borc almışdır. İşdə olan "xxxx" MMC-yə məxsus 352129 saylı Kassa mədaxil oredrinin qəbzindən görünür ki, Cavabdeh 6100 manat kredit ödənişi etmişdir. İşdə olan mədaxil qəbzlərdin görünür ki, Cavabdeh müxtəlif vaxtlarda "xxxx" MMC-yə kredit ödənişləri etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı 6000 manat borc almışdır. Bu hal cavabdehin məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Lakin aldığı borcu qaytarmadığı üçün hazırda tərəflər arasında mübahisə yaranmışdır İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21300 manat pulun və 155 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə Anar İsmayılov arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) İşdən görünür ki, tərəflər arasında olan şifahi borc müqaviləsinə görə Cavabdeh iddiaçıya hazırda 6000 manat borcu vardır. Bu fakt onun məhkəmə iclasındakı etirafı ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 6000 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə, iddiaçı tələbinin digər, yəni 15300 manat pulun qaytarılması hissəsinin əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 155 manat pulun 80 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 75 manat isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 manat və ödənilmiş dövlət rüsumu üçün 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 75 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar