Məhkəmə qərarları › İş №e-2(012)-3683/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3683/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3683/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə haqqı olan 500 manat, şinin dəyəri olan 120 manat, müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 04 noyabr 2023-cü il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə göndərildiyi 04 iyun 2024-cü il tarixədək, 240 gün müddətində əsas borcdan yaranmış 1488 manat faiz borcu (620 manat / 100 %= 6,2 manat x 240 gün = 1488 manat), habelə 42 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2150 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə 29 oktaybr 2023-cü il tarixli 18 saylı icarə müqaviləsi bağlayaraq mülkiyyətində olan **-GV-*** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” markalı nəqliyyat vasitəsini, hər günü 100 manat olmaqla 05 gün müddətinə icarəyə götürmüşdür (müqavilənin 1.1 və 3.1-ci bəndi). Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh icarə haqqını icarə müddətinin sonuncu günü olan 04 oktyabr 2023-cü il tarixdə ödəməli olsa da, icarə haqqı olan 500 manatı ödəməkdən bu günədək imtina etmişdir. Bundan başqa, Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaqla və vicdanla, ehtiyyatla, mülki hüquqda mövcud olan dürüstlük prinsiplərinə uyğun olaraq idarə etməklə bağlı şərtlərini (2.4.1 və 2.4.2-ci bəndləri) pozaraq dəyəri 120 manat olan 1 ədəd şinini yararsız hala salmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh vurduğu maddi zərərin əvəzi olan 120 manatı da ödəməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdehin ona ümumilikdə 620 manat (500 manat icarə haqqı və 120 manat maddi zərər) borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh 620 manat pulu ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan kommersiya hüquqi şəxslərin qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi İddiaçıdur. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmş 29 oktyabr 2023-cü il tarixli 18 saylı icarə müqaviləsindən görünür ki, Cavabdeh Cəmiyyətin mülkiyyətində olan **-GV- *** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” markalı nəqliyyat vasitəsini, hər günü 100 manat olmaqla 05 gün müddətinə icarəyə götürmüşdür. Bu barədə cavabdehə göstərilən dövr üçün avtomobillə bağlı yol vərəqəsi verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh icarəyə götürdüyü **- GV-*** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” markalı nəqliyyat vasitəsinin arxa sağ şininin istismara yarasız olduğu və ehtiyat şinlə dəyişdirildiyi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında avtomobillə bağlı icarə münasibətləri olmuş və cavabdeh gündəlik 100 manat ödənilməklə **-GV-*** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” markalı nəqliyyat vasitəsini iddiaçıdan 5 gün müddətinə icarəyə götürmüşdür. İcra müddəti bitdikdən sonra avtomobil "xxxx" MMC-yə qaytarılmış, lakin baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa sağ şininin istismara yarasız olduğu və ehtiyat şinlə dəyişdirildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh icarə müqaviləsi üzrə müəyyən edilmiş 500 manat icarə haqqını ödəməmiş, eləcə də 120 manatlıq şini yarasız hala salaraq ona 620 manat zərər vurmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. İş materiallarından görünür ki, cavabdeh icarəyə götürdüyü avtomobilin şinini yararsız hala salmış, onu ehtiyat şinlə əvəz etmiş və bu barədə icarəyə verənə vaxtında məlumat verməmişdir. Avtomobilin bu barədə qüsuru xx.xx.2023-cü il tarixli aktla müəyyənləşdirilmişdir. Eyni zamanda, cavabdehin icarə müqaviləsi üzrə ödənişi iddiaçıya ödəməsi iş materiallarından görünmür. Belə olan halda, məhkəmə hesab edir ki, icarə haqqı kimi 500 manat, habelə avtomobilin yararsız hala salınmış şininə görə 120 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, işdən görünür ki, iddiaçı cavabdehdən 04 noyabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 04 iyun 2024-cü il tarixədək keçən 240 gün üçün əsas borcdan yaranmış 1488 manat faiz borcunu da (620 manat / 100 %= 6,2 manat x 240 gün = 1488 manat) tələb edir. Tərəflər arasında bağlanmış Müqavilənin 2.2.11-ci bəndinə əsasən icarəyə yerən icarəçidən Müqavilə dəyəri, həmçinin vurulmuş zərərə və digər ödənişlərin gecikməsinə görə gecikdirilən hər gün üçün müqavilədə nəzərdə tutulan miqdarda faiz tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 2.4.7-ci bəndinə əsasən müqavilə dəyərini, istifadə zamanı təqsiri nəticəsində yaranmış bütün növ xərcləri vaxtında ödəmək, ödənişləri gecikdirdiyi halda bu müqavilədə nəzərdə tutulmuş faizləri ödəmək icarəçinin vəzifəsidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan ödənişlərin gecikməsinə görə İcarəçi hər gün üçün gecikdirilən məbləğin 1%-i miqdarında faiz ödəyir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən İcarəçinin faiz öhdəliyi bütün növ ödənişlərin gecikdirilməsi zamanı tətbiq edilir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən İcarəçinin gecikmə ilə bağlı öhdəliyi faizdir və heç bir orqan və məhkəmə tərəfindən hesablanmış faiz dəbbə pulu, cərimə və sair kimi qiymətləndirilərək, məbləğ azaldıla bilməz. İş materialları ilə cavabdehin ümumilikdə 620 manatı 240 gün ərzində iddiaçıya ödəməməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərinə əsasən 1488 manatın da iddiaçıya ödənilməsi öhdəliyi daşıyır. Mübahisəyə bu baxımdan qiymət verən məhkəmə iddianın tamamilə əsaslı olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ümumilikdə 2108 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2108 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 42 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar