Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3687/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi və audit xərci tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi və audit xərci tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1644.18 manat borc, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin və audit xərci 550 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə administrator köməkçisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmış, xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Goradil 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğ 2696.87 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından müəyyən olunur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1644.18 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satış departamentinin satış şöbəsinin administrator köməkçisi vəzifəsinə qəbul edilmişdir. -Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əməkmüqaviləsi bağlanılmış, sonuncunun vəzifəsi administrator köməkçisi olmuş, aylıq əməkhaqqı məbləği isə 345 manat təşkil etmişdir. -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, sonuncu administrator vəzifəsinə keçmiş, aylıq əməkhaqqı məbləği isə 390 manat təşkil etmişdir. -xx.xx.2024-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X2 haqqında müqavilədən görünür ki, Cavabdeh administrator tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona bir sıra vəzifələr etibar olunmuşdur. -“Four Reason” LLC Consulting tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2025ci il tarixli auditor rəyindən (hesabatından) görünür ki, audit yoxlaması nəticəsində İddiaçı MMC-nin “Oba-Goradil” 1 nömrəli mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan 2696.87 manat məbləğ dəyərində (məhsul kəsiri) ziyan vurduğu, Cavabdeh audit yoxlama prosesində dindirilmək üçün xx.xx.2025-ci il tarixdə tərəflərindən dəvət olunduğu, inventarizasiya prosesinin onun iştirakı olmadan keçirildiyi və izahata əsasən 2696.87 manat əskikgəlmə məbləğini təsdiqləmədiyi qeyd edilmiş, rəhbərliyin bu ciddi məsələ üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsinin məqsədəmüvafiq olduğu, rəhbərliyə yaranmış kəsir gəlmənin aradan qaldırılması istiqamətində əməli işlər görülməsi tövsiyə olunmuşdur. -“Four Reason” LLC Consulting tərəfindən xx.xx.2025-ci il tarixli elektron qaimədən görünür ki, xüsusi tapşırıqlar üzrə audit rəyinin verilməsinin dəyəri 550 manat müəyyən edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə (Əmək Məcəlləsinin maddəsi 68.2.a) tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətinin yoxlanılması nəticəsində 1644.18 manat əskikgəlmə aşkar edildiyi, 3 gün ərzidnə qeyd olunan borcun ödənilməsi bildirilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2025-ci il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2696.857 manat çatışmazlıq aşkar edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1941.09 manat borcu qalmışdır. -Bakı 20 saylı Mediasiya Təşkilatınınn xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00322 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Mediasiya Sessiyasında İddiaçı MMC-nin nümayəndəsi X1 iştirak etmiş, Cavabdeh isə iştirak etməkdən imtina etmişdir. İMS 50 manat və 10 manat poçt xərci olmaqla, ümumilikdə, 60 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh əmək müqaviləsi ilə administrator köməkçisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə administrator vəzifəsinə keçmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “OBA Goradil 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin ümumilikdə 2696.87 manat məbləğində maliyyə çatışmazlığı müəyyən edilmiş, beləliklə iddiaçıya maddi ziyan vurulmuşdur. Həmin məbləğdən müvafiq güzəştlər tətbiq edildikdən sonra, ümumi olaraq 1644.18 manat qalıq borcu qalmışdır. Cavabdeh həmin borcu verməkdən yayındığı üçün İddiaçı MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələrdə işləmiş və adminstrator vəzifəsində işləyərkən əmək intizamı xətasına yol verərək İddiaçı MMC-yə cəmi 1644.18 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 1644.18 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə keçirilmiş mediasiya prosesi üçün ödənilmiş 60 manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixli auditor rəyinin verilməsi üçün ödənilmiş 550 manat pul vəsaitindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixli auditor rəyinin verilməsi üçün ödənilmiş 550 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1644.18 (min altı yüz qırx dörd manat on səkkiz qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat və audit xərci üçün ödənilmiş 550 (beş yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli