Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3745/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırmaqla bağlı ödənilmiş 120.6 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ömrü boyu ailəsi, oğlu üçün yaşamış, daim onların rifahını təmin etməyə çalışmışdır. Dəfələrlə oğlu, Cavabdeh bu günədək müxtəlif vaxtlarda ümumilikdə 10000 ( on min) manatdan çox borc vermişdir. Onun verdiyi borclarla Vüsal özünə avtomobillər alıb. Sonda 2024-cü il sonuncu avtomobilini satsa da, borcunu qaytarmayıb. Bu azmış kimi ata kimi ona hörtməsizlik edir, qoca yaşında onun, anasının qayğısına qalmır. Qazancını kənar şəxslərə xərcləyir. Onlar isə ahıl yaşında dolanmağa çətinlik çəkirlər. 2015-ci ildə Vüsal piyada çətinlik çəkdiyini, özünə avtomobil almaq istədiyini bildirdi və onda borc pul istədi. O, da 4600 manat məbləğində pul vəsaitini ona borc kimi vermişdir. Həmin pula Vüsal özünə VAZ 21015 markalı avtomobil almışdır. Təxmini 1-2 ay sonra avtomobillə qəza törətdi, avtomobil zədəli vəziyyətə düşdü. Həmin avotomolin təmiri üçün 1300 manat əlavə borc istədi, o da atası kimi məcbur qalıb vermişdir. Təxminən 1 il-il yarım sonra Vüsal yenidən avtoqəza keçirtdi və avtomobilin təmiri üçün pul vəsaiti olmadığından ondan 1500 manat borc aldı. 2018-cü ildə Cavabdeh onun verdiyi borcla aldığı ( Mitsubishi Airtrek markalı ) avtomobili sataraq, əldə etdiyi gəliri ilkin ödəniş kimi ödəməklə lizinq müqaviləsi əsasında Saipa markalı 77HJ587 dövlət qeydiyyat nişanlı avtomobil aldı. Bundan sonra münasibətləri korlanmağa başladı. Çünki Vüsal onun borcunu qaytarmaq əvəzinə ondan xəbərsiz ucuz qiymətə, dəyər dəyməzinə avtomobiləri satıb baha qiymətə yenisini alırdı. Lizinq ödənişlərini də vaxtı vaxtında ödəyə bilmir, dəfələrlə onu narahat edirdi. Sonuncu dəfə lizinq borcunu ödəyə bilmirdi, anasının və Cavabdeh təkidləri nəticəsində lizinq borcunun ödənilməsi üçün 2800 ( iki min səkkiz) manat məbləğində borc vermişdir. Oğlu daimi, yüksək gəlirli işi olmadığına görə, həm də ailədə anasının təkidlərinə görə məcbur qalıb borcu qaytarması üçün möhlət vermişdir. Amma borclunun son hərəkətləri, onu, anasını təhqir etməsi, onlara baxmamasını, qeydlərinə qalmaması artıq onları başqalarından asılı vəziyyətə salıb. Cavabdeh ona ümumilikdə 10.200 manat borcu var. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh iddiaçıya barışmaq üçün 1000 manat pul təklif etsə də, iddiaçı bununla razılaşmayıb. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul etdi. O bildirdi ki, pulu iddiaçıdan alıb öz ehtiyacları üçün xərcləmişdir. Maddi imkanı zəif olduğu üçün borcunu qaytara bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc alaraq, qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək borc məbləğini ona ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıdan 10200 manat pul almasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 10200 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən görünür ki, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 120,60 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 120,60 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10200 (on min iki yüz) manat məbləğində borc və 120,60 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3745/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3745/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver