Məhkəmə qərarları › İş №e-2(012)-3811/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3811/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3811/2022 28.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 720,74 manat məbləğində kredit borcu, 66,86 manat məbləğində faiz borcu və 109,84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 897,44 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 16 may 2019-cu il tarixli 001L**********75 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 11 fevral 2020-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 4.279,26 manat ödəmiş, onun 720,74 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24 may 2022-ci il tarixə 162 gün üçün hesablanmış faiz borcu 66,86 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 24 may 2022-ci il tarixə 162 gün üçün hesablanmış cərimə 109,84 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 720,74 manat məbləğində kredit borcu, 66,86 manat məbləğində faiz borcu və 109,84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 897,44 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 13 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 17 iyun 2022-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 16 may 2019-cu il tarixli, 001L**********75 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 16 may 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən verilən kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 11 fevral 2020-ci il tarixli, 001R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən fərdi mikro kredit məqsədi ilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəyir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Zamin” Cavabdeh3 arasında bağlanmış 16 may 2019-cü il tarixli, 001S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, “Borclunun” uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Zamin” Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birgə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən zamin uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Zamin” Cavabdeh1 arasında bağlanmış 11 fevral 2020-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, “Borclunun” uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Zamin” Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birgə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən zamin uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etməlidir. 02 noyabr 2020-ci il tarixli kreditin verilməsi-köçürülməsi qəbzindən görünür ki, Cavabdeh2 5.000 manat məbləğində pulu həmin tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən imza etməklə almışdır. 7203 saylı, 10 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 11 fevral 2020-ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə banka əsas borcu 720,74 manat, faiz borcu 66,86 manat, cərimə borcu 109,84 manat olmaqla, cəmi borcu 897,44 manat təşkil edir. 18 may 2022-ci il tarixli xəbərdarlıq məktublarının və qaimələrin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 banka olan borcun ödənilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, 16 may 2019-cu il tarixli, 001L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 11 fevral 2020-ci il tarixli, 001R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 24 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit götürmüşdür. Sonuncu götürdüyü kredit borcundan 4.279,26 manat ödəmiş, 720,74 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq bağlanmış 16 may 2019-cu il tarixli, 001S**********01 saylı və 11 fevral 2020-ci il tarixli, 001S**********01 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh1 kredit razılaşması üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyini tam icra etməsi üçün öhdəlik götürmüşlər. Hazırda cavabdehlərin banka olan borcu 11 fevral 2020ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu üzrə 720,74 manat, faiz borcu üzrə 66,86 manat, cərimə borcu üzrə 109,84 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu Cavabdeh2 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələblərinə və zaminlik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar və buna görə iddia tələbi eyni zamanda zaminlik müqavilələri üzrə zaminlərə qarşı da təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğuna görə 109,84 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 109,84 manat məbləğində cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11 fevral 2020-ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 720,74 manat kredit borcu, 66,86 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 837,60 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 51,30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11 fevral 2020-ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 720,74 (yeddi yüz iyirmi manat, yetmiş dörd qəpik) manat kredit borcu, 66,86 (altmış altı manat, səksən altı qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 837,60 (səkkiz yüz otuz yeddi manat, altmış qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar