Məhkəmə qərarları › İş №e-2(012)-3842/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3842/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3842/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Muğanbank ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Muğanbank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Muğanbank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03-xx-xx- 107526 saylı kredit müqaviləsi üzrə 804.91 manat əsas və 3 manat faiz borcu olmaqla cəmi 807.91 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 03-xx-xx- 107526 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1023.39 manat kredit götürmüşdür. Borcun təminatı olaraq borclu Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Hazırda, cavabdehin kredit müqaviləsi üzrə banka 804.91 manat əsas və 3 manat faiz borcu olmaqla cəmi 807.91 manat borcu vardır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -Muğanbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03-xx-xx-107526 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faiz olmaqla 1023.39 manat kredit verilmişdir. -Muğanbank ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03-xx-xx-107526 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borcalan ilə birlikdə öhdəliklərin icrasına təminat vermişdir. -xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 3 iş gün müddətində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Muğanbank ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borclunun müqavilə üzrə 804.91 manat əsas və 3 manat faiz borcu olmaqla cəmi 807.91 manat borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında, Cavabdeh2 isə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatdadırlar. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, ərizədən göründüyü kimi, bankla Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən əsas borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası Cavabdeh1 zaminliyi ilə təmin edilmiş və sonuncu bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) Ərizədə tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, X2 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03-xx-xx-107526 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 03-xx-xx-107526 saylı kredit müqaviləsi üzrə 804.91 manat əsas və 3 manat faiz borcu olmaqla cəmi 807.91 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulub iddiaçı Muğanbank ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X2 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03-xx-xx- 107526 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 03-xx-xx-107526 saylı kredit müqaviləsi üzrə 804.91 (səkkiz yüz dörd manat doxsan bir qəpik) manat əsas və 3 (üç) manat faiz borcu olmaqla cəmi 807.91 (səkkiz yüz yeddi manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Muğanbank ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar