Məhkəmə qərarları › İş №e-2(012)-3854/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3854/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3854/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, İK-İS- 262-İ saylı kredit müqaviləsi üzrə əsas borca görə 2692.55 manat, xx.xx.2021-ci il tarixə faiz borcuna görə 675.41 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranı gecikdirməsi nəticəsində banka vurulmuş zərərə görə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 106.21 manat olmaqla, ümumilikdə, cəmi 3871.04 manat borcun və 58.71 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulmalı olan borc məbləğində texniki yanlışlığa yol verilərək cəmi 3474.17 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK-İS-262-İ saylı kredit müqaviləsinə əsasən, ona illik 22 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, cavabdehə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kredit 24 ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən, faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə, iddia qaldırılan günə onun banka əsas borc üzrə 2692.55 manat, xx.xx.2021-ci il tarixə faiz borcu üzrə 675.41 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranı gecikdirməsi nəticəsində banka vurulmuş zərərə görə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 106.21 manat olmaqla, cəmi 3474.17 manat borcu yaranmışdır. Kredit üzrə borc sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat məbləğində ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, İK-İS-262-İ saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, bank tərəfindən borcalana 24 ay müddətinə, illik 22% hesabı ilə 3000 manat kredit verilmişdir. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixədək hər ay 155.63 (sonuncu ay 156.63 manat) ödəməklə qaytarmalıdır. -»AFB Bank» ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 2692.55 manat, faiz borcuna görə 675.41 manat, illik 5 faizə görə 106.21 manat, cəriməyə görə 396.87 manat olmaqla, cəmi 3871.04 manat borcu vardır. -»AFB Bank» ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 3 iş gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydə alınmış və xx.xx.2021-ci il tarixli, **********496500 nömrə ilə çıxarış verilmiş, təsisçiləri X3, X6 və X1r. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021-ci il tarixli, **********496500 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçisi X4r. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Pirəkəşkül- 2 qəsəbəsi, 869 saylı H/H-də qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi, borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, onun banka əsas borca görə 2692.55 manat, faiz borcuna görə 675.41 manat, illik 5 faizlə hesablanmış faiz borcuna görə 106.21 manat olmaqla, cəmi 3474.17 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 106.21 manat faiz borcunun hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsinin müddəti bitəndən sonra Plenum Qərarına əsasən hesablanmış 106.21 manat faiz borcunun tutulması tələbi qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehdən tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 58.71 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK-İS-262-İ saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi öz təsdiqini tapdığından iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 2692.55 manat, faiz borcuna görə 675.41 manat, illik 5 faizlə hesablanmış faiz borcuna görə 106.21 manat olmaqla, ümumilikdə, cəmi 3474.17 manat borc və ödənilmiş 58.71 manat dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, İK-İS-262-İ saylı kredit müqaviləsi üzrə əsas borca görə 2692.55 (iki min altı yüz doxsan iki manat əlli beş qəpik) manat, faiz borcuna görə 675.41 (altı yüz yetmiş beş manat qırx bir qəpik) manat, illik 5 faizlə hesablanmış faiz borcuna görə 106.21 (yüz altı manat iyirmi bir qəpik) manat olmaqla, ümumilikdə, cəmi 3474.17 (üç min dörd yüz yetmiş dörd manat on yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 58.71 (əlli səkkiz manat yetmiş bir qəpik) manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar