Məhkəmə qərarları › İş №e-2(012)-3880/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3880/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3880/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasındakı birgə nikahdan doğulmuş 02 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 noyabr 2008-ci il tarixdə, 12 saylı akt qeydi ilə bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(012)-4699/2017 saylı qətnaməsi ilə pozularaq, birgə nikahdan doğulmuş 02 fevral 2010-cu il təvəllüdlü X1 ananın yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 123,6 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Z.Əsgərova həmin tarixdən hazırki vaxtadək onun himayəsindədir. Z.Əsgərovanın yüksək təminatı olaraq onun vaxtaşırı müalicəsi, istirahəti, yüksək təhsili üçün aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Bu barədə keçmiş həyat yoldaşı olan Cavabdeh dəfələrlə bildirsə də o, razılıq vermir və aliment məbləğini artırmaqdan imtina edir. Yetkinlik yaşına çatmamış uşaq böyüdükcə onun tələbatı və müvafiq olaraq xərcləri də artır. Keçmiş həyat yoldaşı isə uşağın saxlanılmasında ona əlavə olaraq heç bir maddi köməklik göstərmir. Buna görə də alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, cavabdehdən azyaşlı uşağın saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi. O qeyd etdi ki, banka kredit borcu var. Aylıq əmək haqqı 700 manat təşkil edir. Hər ay iddiaçıya maksimum 200 manat aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 385114 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 02 fevral 2010-cu il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(012)- 4699/2017 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 19 noyabr 2008-ci ildə Zərdab rayon Alıcanlı kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 02 fevral 2010-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmasının müəyyən edilməsi, onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində alimentin 26 may 2017-ci il tarixdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Zeynəb adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Zeynəb adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(012)-4699/2017 saylı qətnaməsinə əsasən 02 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(012)-4699/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 02 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar