Məhkəmə qərarları › İş №e-2(012)-3914/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3914/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3914/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 27 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1373 ABŞ dolları əsas borc və 150 ABŞ dolları cərimə olmaqla, cəmi 1523 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh satış qiyməti 1695 ABŞ dolları olan “Aplle iphone 11 pro 64gb Gold” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 52 ABŞ dolları, 23.05.2020-ci il tarixdə 135 ABŞ dolları, 25.08.2020-ci il tarixdə isə 135 ABŞ dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini tam şəkildə ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi bildirdi ki, cavabdeh borcundan müəyyən qədər ödəniş etmişdir. Beləliklə, 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1256 ABŞ dolları əsas borc və 150 ABŞ dolları cərimə olmaqla, cəmi 1406 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsindən və ona əlavə edilən ödəniş qrafikindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh satış qiyməti 1695 ABŞ dolları olan “Aplle iphone 11 pro 64gb Gold” markalı 1 ədəd mobil telefonu satılmış, sonuncu isə ilkin olaraq 52 ABŞ dolları ödəniş etmiş və qalıq borc məbləğini 12 ay müddətinə hər ay 136 ABŞ dolları olmaqla (sonuncu ay 147 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.5-ci maddəsindən müəyyən edilir ki, “alıcı” ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində “satıcı”nın xeyrinə cərimə ödəyir. Mülki işin materiallarında olan 27.07.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsi üzrə olan borcu 1256 ABŞ dolları əsas və 150 ABŞ dolları cərimə olmaqla, cəmi 1406 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış 150 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29.02.2020-ci il tarixli VİP 18022 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən də, Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1256 ABŞ dolları əsas və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1266 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1256 ABŞ dolları əsas borc və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1266 ABŞ dolları və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar