Məhkəmə qərarları › İş №e-2(012)-3921/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3921/2023

15.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3921/2023 15.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1732/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh övladları 17 iyun 2014-cü il təvəllüdlü X7 və 05 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 10 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 17 iyun 2014-cü il tarixdə X7 və 05 iyul 2016-cı il tarixdə X8 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(001)-1629/2017 saylı qətnaməsi ilə cavabdehlə 10 avqust 2012-ci il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində bağlanmış 52 nömrə ilə qeyd edilmiş nikahın pozulması, uşaqların onun yanında qalması, uşaqların hər birinin 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 125 manat, ümumilikdə 250 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Onun Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə Ağdam Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(013)-1732/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(001)-1629/2017 saylı qətnaməsi əsasında müəyyən edilmş alimentin miqdarı artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər uşaq üçün hər ay 140 manat, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. O, uşaqlarının saxlanması üçün çətinlik çəkir, övladlarının tələbatını tam ödəyə bilmir. Həmin vaxtdan hal-hazıra qədər alimentin məbləği cavabdeh tərəfindən ödənilsə də, cavabdeh bugünədək uşaqlarla maraqlanmamış, böyüdükcə artan təlabatlarını ödəmək üçün cəhd göstərməmiş, təlim-tərbiyələri ilə məşğul olmamışdır. Övladlarından biri xəstədir və müalicə alır. Bundan əlavə cavabdeh polisdir və “Koroğlu” metrostansiyasında işləyir. Həmçinin cavabdehin anası və bacısı da işləyir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X9 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, onun aylıq əmək haqqısı 770 manat təşkil edir. Aliment çıxıldıqdan sonra ona 490 manat pul qalır. Həmçinin o, yenidən ailə qurmuşdur. Qeyd edilənlərə əsasən alimentin artırılmasına etiraz edir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İİİ № 354344 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 17 iyun 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İİİ № 813808 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 05 iyul 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1629/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, 17 iyun 2014-ci il təvəllüdlü X7 və 05 iyul 2016-ci il təvəllüdlü X4 yetlkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh ay 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-1732/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1629/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 17 iyun 2014-ci il təvəllüdlü X7 və 05 iyul 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşaq üçün hər ay 140 manat, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İİ № 441753 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında 26 may 2021-ci il tarixli, 1744 saylı rəsmi nikah bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin yenidən ailə qurduğunu və cavabdehin gəlirlərində dəyişiklik olması ilə bağlı sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün 180 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1732/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 17 iyun 2014-cü il təvəllüdlü X7 və 05 iyul 2016cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar