Məhkəmə qərarları › İş №e-2(012)-3958/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3958/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3958/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5083 manat əsas borc, 287.36 manat faiz borcu, 60.05 manat cərimə borcu olmaqla, cəmi 5430.41 manat borcun və 74.30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC ASC iddia ərizəsində göstərmişdir ki Cavabdeh1 xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 7500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il iyulun 07-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5083 manat əsas borcu, 287.36 manat faiz borcu, 120.09 manat cərimə borcu olmaqla, cəmi 5490.45 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 120.09 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 60.05 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər avabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 7500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1nın 5083 manat əsas borc, 287.36 manat faiz borcu, 60.05 manat cərimə borcu olmaqla, cəmi 5430.41 manat kredit borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, cərimə borcunun azaldılması cavabdehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləyə əsasən hesablanmış 60,05 manat məbləğində cərimə pulu 10 manat məbləğində olmalıdır Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı bankın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 74,30 manatın cavabdehdən alınmalı və iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit kredit müqaviləsi üzrə 5083 manat əsas borc, 287,36 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5380,36 manat borc və 74,30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar