Məhkəmə qərarları › İş №e-2(012)-396/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-396/2024

29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-396/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına dəymiş 8528 (səkkiz min beş yüz iyirmi səkkiz) manat məbləğində ziyanın 5000 (beş min) manatının cavabdeh "xxxx" ASC-dən, 3528 (üç min beş yüz iyirmi səkkiz) manatının isə Cavabdeh2 tutularaq, iddiaçıya ödənilməsi, habelə mülki işin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 105,28 (yüz beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 01BF968 dövlət qeydiyyat nişanlı, "VAZ-2121 minik" avtomaşın etibarnamə əsasında X1 və istifadəsində olan zaman, xx.xx.2022-ci il tarixdə Xızı rayonu ərazisində, İİ dərəcəli yoldan baş yola çıxan Cavabdeh2 mülkiyyətində olan və idarə etdiyi 19BG291 dövlət qeydiyyat nişanlı, "MİTSUBİSHİ PAJERO UNİVERSAL" markalı avtomaşın tərəfindən vurulmuş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan avtomaşına xeyli miqdarda ziyan dəymişdir. "VAZ" markalı avtomaşınların rəsmi servisi olan "xxxx" MMC-nin verdiyi Qüsur Aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş ziyanın ümumi məbləği 8528 (səkkiz min beş yüz iyirmi səkkiz) manat təşkil edir. Cavabdeh2 İnzibati tənbehetmə haqqında xx.xx.2022-ci il tarixli, TP5121351 saylı qərarla yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh2 mülkiyyətində olan və idarə etdiyi 19BG291 dövlət qeydiyyat nişanlı, "MİTSUBİSHİ PAJERO UNİVERSAL" markalı avtomaşın yol-nəqliyyat hadisəsi baş verən tarixdə - xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta edilmişdir. Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş manat məbləğində ziyan bu günə kimi ödənilməmişdir. İddiaçıya yol-nəqliyyat hadisəsi zamanı dəymiş 8528 manat məbləğində ziyan cavabdehlərdən tutularaq, İddiaçı ödənilməlidir. Ona görə də gösatərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xızı rayonu ərazisində iddiaçının mülkiyyətində olan **-BF-*** dövlət qeydiyyat nişanlı, "VAZ-2121 minik" avtomaşın etibarnamə əsasında X1 və istifadəsində olan zaman Cavabdeh2 mülkiyyətində olan və idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı, "Mitsubishi Pajero" markalı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəymişdir. Ekspert rəyi ilə qismən razıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qismən qəbul etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 3500 manat civarında olan məbləğin ödənilməsi ilə razıdır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, zənnincə həmin məbləği sığorta şirkəti ödəməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:43 dəqiqədə Xızı rayonu yol-nəqliyyat hadisəsi baş vermişdir. -xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Tağım YPX inspektoru polis serjantı X7 xx.xx.2022-ci il tarixində saat 18:43-də Bakı-Quba yolu 73 km-də “MİTSUBİSHİ PAJERO MİNİK” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4746064 nömrəli protokolun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxaraq Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat mələğində cərimə olunmuşdur. -Cavabdeh2 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis-polkovniki cənab Fuad Mayılova verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Mitsubishi Pajero” markalı AZ **- BG-*** nömrəli dövlət qeydiyyat nişanlı maşını ilə Xızı körpüdən düşərkən İİ dərəcəli yoldan baş yola çıxarkən gözləmədən çıxdı, baş yolda hərəkətdə olan “VAZ 2121” markalı **-BF-*** nömrə nişanlı maşının ön sağ hissəsindən vurdu. Hadisə zamanı o və maşındakı sərnişin xəsarət almışdır. Həkim müayinəsinə ehtiyacları yoxdur. -X12 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis-polkovniki cənab Fuad Mayılova verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə ona məxsus olan “VAZ 2121” markalı **-BF-*** nömrə nişanlı maşını ilə Bakıdan Qubaya gedərkən Bakı-Quba yolunun 73-cü km-də Xızı körpüdə “Mitsubishi Pajero” markalı AZ **-BG-*** qeydiyyat nişanlı maşın 2-ci dərəcəli yoldan baş yola gözlənilmədən çıxdığı üçün onun avtomaşınının ön sağ hissəsindən vurdub qarşı hərəkət zolağına atdı, hadisə zamanı maşında tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Həkim müayinəsinə ehtiyac yoxdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 048389 saylı arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:43 dəqiqədə Bakı-Quba yolu 73 km-də yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı AZ **-BG-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2121” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı maşınlara ziyan dəymişdir. -DİN-in xx.xx.2012-ci il tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsinin necə baş verməsi əks olunmuşdur. -AA № 485879 saylı xx.xx.2005-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1993-cü il buraxılışlı “VAZ 2121” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. -xx.xx.2016-cı il tarixli ƏN-İV № 881827 saylı etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan “VAZ 2121” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 xx.xx.2026-cı il tarixədək etibar etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qüsur Aktından görünür ki, X3 məxsus “VAZ 2121” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8528,00 manat maddi ziyan vurulmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8997-8/3541 saylı rəyindən görünür ki, Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə “VAZ-2121” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrin siyahısı rəyin tədqiqi hissəsində göstərilmişdir. Avtomobilin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından həmin sual üzrə tədqiqat aparılmadı. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə: Ekspertiza tədqiqatına təqdim edilən 1993-cü il buraxılışlı, “VAZ-2121 minik” markalı (**-BF-*** dövlət qeydiyyat nişanlı) avtomobilin yeni model ehtiyat hissələri ilə yığılması nəzərə alınmaqla (qapıları, güzgüləri, şüşələri, oturacaqları, hidravlik sükanı, 4X4 ötürücüsü (razdatka), sürətlər qutusu, soyutma sistemi yeni model hissələrlə əvəz edilmiş, elektron tramlyor, pult sistemi və Pioneer markalı maqnitofon əlavə edilmiş, həmçinin qapıları və damı obivka edilmişdir) təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2022-ci ilin iyul ayında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 8000,00 manat müəyyən olunur. Təqdim edilmiş avtomobilin salamat qalmış hissələri faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən salamat qalmış hissələri faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 40%-ni təşkil etməsi ehtimal olunur. Belə ki, avtomobilin təxminən 60%-i sıradan çıxaraq yararsız vəziyyətə düşmüşdür. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 8000,00 manat olmuş, 1993-cü il buraxılışlı, “VAZ 2121 minik” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 3200 (8000x40%) manat) nəzərə alınmaqla təxminən 4.800,00 (8000-3200) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsi, ev 2/2, Cavabdeh2 isə Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Şahbala İsayev küçəsi, döngə 4, ev 31 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 18:43 radələrində Bakı-Quba yolunun 73 kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan X4 etibarnamə əsasında idarə etdiyi “VAZ 2121 minik” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunmuş “Mitsubishi Pajero” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində avtomobilə ziyan dəymişdir. Hazırda, iddiaçı onun avtomobilinə dəymiş ziyanın məhkəmə qaydasında cavabdehlərdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən sürücü Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 18:43 radələrində Bakı-Quba yolunun 43 kilometrliyi ərazisində “Mitsubishi Pajero” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi təsdiqini tapmışdır. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8997-8/3541 saylı rəyinə əsasən, “VAZ 2121 minik” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 3200 (8000x40%) manat) nəzərə alınmaqla təxminən 4.800,00 (8000-3200) manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, iddiaçının ekspert rəyi ilə razılığını nəzərə alıb rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 4800 manat maddi ziyanın vurulması qənaətinə gəlir. İddiaçı iddia ərizəsində yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına dəymiş 8528 manat məbləğində ziyanın 5000 manatının cavabdeh "xxxx" ASC-dən, 3528 (üç min beş yüz iyirmi səkkiz) manatının isə Cavabdeh2 tutularaq, iddiaçıya ödənilməsini tələb etsə də, iddiaçının mülkiyyətində olan avtomobilə 4800 manat zərər vurulduğundan 4800 manat məbləğində ziyanın cavabdeh "xxxx" ASC-dən tutulması qənaətinə gəlir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4-cü maddəsinə əsasən icbari sığortanın məqsədi, aparılması və tətbiq olunduğu ərazi aşağıdakılardı. 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 4.2. Sığorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari sığorta təminatına daxil edilmir. 4.3. Bu Qanunun məqsədləri üçün qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin sığortalanması qadağandır. 4.4. Bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılması Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) sığortaçıya verdiyi müvafiq icazə əsasında həyata keçirilir. 4.5. İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir. 4.6. Bu Qanunun Xüsusi bölməsində digər hal nəzərdə tutulmamışdırsa, icbari sığorta müqavilələri üzrə sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Maddə 13. Sığorta hadisəsi 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Məhkəmə işin araşdırılan hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia qismən təmin edilməli, Xalq Sığorta” ASCdən dəymiş ziyana görə 4800 (dörd min səkkiz yüz) manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 105.28 manat dövlət rüsumunun 60 manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməli, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaitinin 31 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, qalan 19 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" ASC-dən dəymiş ziyana görə 4800 (dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat olmaqla, ümumilikdə, cəmi 4860 (dörd min səkkiz yüz altmış) manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitindən 31 (otuz bir) manat pul vəsaiti cavabdeh"xxxx" ASC-dən, 19 (on doqquz) manat pul vəsaiti isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar