Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4027/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinəkredit borcu üzrə Banka ödənilməmiş borcu – 1000 manat əsas borc, 38.67 manat faiz borcu olmaqla, cəmi 1038.67 manat məbləğində kredit borcunun və ödənilmiş 30.39 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Bağırov Ağasəlim Salam oğlu arasında bağlanmış xx.xx.2016-c il tarixli, 763-xx.xx.2016-SM56 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Salam oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu 1 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən Bağırov Ağasəlim Salam oğlunun xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsi, 565 nömrəli sahə ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Bağırov Ağasəlim Salam oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 1000 manat əsas borc, 38.67 manat faiz borcu olmaqla, cəmi 1038.67 manat borcu qalmışdır. Cavabdeh Bağırov Ağasəlim Salam oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1038.67 manat olduğundan, 30.39 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsin müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, bildridi ki, cavabdeh tərəfin kredit məbləğinin sığortalanması ilə bağlı iddiası əsassızdır, çünki bu günədək, kredit müqaviləsi üzrə banka ödəniş edilməmişdir. Ödənişin edilməsi üçün borclunun vərəsələri sığorta şirkətinə müraciət etməli idi. Cavabdeh məhkəmə iclasıda iddia tələbinə etiraz edərək bildirdi ki, kredit müqaviləsi bankla onun əri arasında bağlanmışdır və əri xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu kredit müqaviləsi bağlanarkən onun mərhum əri ilə "xxxx" ASC arasında sığorta müqaviləsi də imzalanmış, kredit sığortalanmışdır. Buna görə də onun hazırda banka heç bir kredit borcu yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından olan 763-xx.xx.2016-SM56 nömrəli xx.xx.2016-cı il tarixli pensiyaçılar üşün kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Bağırov Ağasəlim Salam oğluna illik 29 % hesablanması şərti ilə 36 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli FJB**********582 saylı kassa məxaric orderindən görünür ki, Bağırov Ağasəlim Salam oğlu xx.xx.2016-cı il tarixdə "xxxx" ASCdən 940 manat pulu götürmüşdür. İş materiallarından olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bağırov Ağasəlim Salam oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən onun "xxxx" ASC-yə 1000 manat əsas və 38,67 manat faiz borcu vardır. BUNLAR YOXDU İŞİN İCİNDE, SİSTEMDE UMYTETLE YOXDU HECNE. İş materiallarında olan AZ-İ 853735 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırov Ağasəlim Salam oğlu xx.xx.2017-ci il tarixdə, Bakı şəhərində, kardioskleroz diaqnozundan ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh mərhum Bağırov Ağasəlim Salam oğlunun yeganə vərəsəsi kimi tanınmış və ƏMDK yanından DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Bağırov Ağasəlim Salam oğluna verilmiş **********43 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, 565 nömrəli sahə ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi üçün xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 30,39 manat rüsum ödənilmişdir. Rüsumun ödənilməsi üçün 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Qeyd edildiyi kimi, müqavilə üzrə bank qarşısında öhdəlik götürmüş A.S.Bağırov xx.xx.2017-ci il tarixdə ölmüş, kredit öhdəlikləri (miras passivi) onun qanun üzrə vərəsəsi Cavabdeh keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, A.S.Bağırovun vərəsəsi kimi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1000 manat əsas, 38,67 manat faiz borcu olmaqla, cəmi 1038,67 manat alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Kredit öhdəliklərinin sığortalanması barədə Cavabdeh dəlilləri əsassızdır, çünki o, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə onun bu barədə dəlillərini formal mülahizələr kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30,39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat əsas, 38,67 manat faiz borcu olmaqla, cəmi 1038,67 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4027/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4027/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver