Məhkəmə qərarları › İş №e-2(012)-4030/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4030/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4030/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimisaxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Xasiyyətlərinin uyğunlaşmaması səbəbindən Abşeron rayon Məhkəməsinin 2(012)- 3334/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Abşeron rayon Məhkəməsinin həmin qətnaməsi ilə “birgə nikahlarından anadan olmuş xx.xx.2020ci il təvəllüdlü X7 anası X1 yanında saxlanılsın; Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulması təmin edilməsi qərara alınmışdır. Cavabdeh qətnamə üzrə müəyyən edilmiş 1/4 (dörddə bir) hissəsi miqdarında alimenti vaxtı vaxtında ödəmir. Rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün tutulacaq alimentin qədəri də müəyyən edilə bilmir. Bu səbəbdən də sabit alimentin tutulması daha məqsədə müvafiqdir. Alimentin tutulması ilə bağlı məhkəmə mübahisələrinə məhkəmədə baxılan zaman cavabdehin gəlirlərindən tutulacaq alimentin nisbəti sabit aliment məbləğinin miqdarından az olduğu halda məhkəmələr alimenti minimum yaşayış miqdarına uyğun olaraq tutulması barədə qətnamə qəbul edir. Bu artıq bütün məhkəmələrdə vahid məhkəmə təcrübəsi kimi tətbiq edilir. Qeyd etdiyi bu əsası onun iddia tələbində də tətbiq edilməsini məhkəmədən xahiş edir. Hazırda uşağın 4 (dörd) yaşı vardır və tələbatı artmışdır. Bu səbəbdən Abşeron rayon Məhkəməsinə alimentin artırılması tələbi ilə; 2024-cü il üçün müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumunun məbləğinə uyğun olaraq 235 (iki yüz otuz beş) manat miqdarında sabit alimentin tutulması üçün iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh X6 ilə aralarında olan alimentin artırılması tələbinə dair mübahisə üzrə mediasiya qaydalarına uyğun olaraq bildirişlər göndərilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna dair 13 saylı mediasiya təşkilatında arayış tərtib edilmişdir. Bu arayış göndərdiyi sənədlərə əlavə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, artan maddi tələbata görə uşağı saxlamaqda çətinlik çəkir, ona görə də, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV № 545980 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 oktyabr 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 3334/2023 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, X3 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 4191 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X4 anası X1 yanında saxlanılması, Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2020- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ № 469141 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahına xx.xx.2024-cü il tarixində xitam verilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, cavabdeh şüşə işi üzrə fəhlə vəzifəsində çalışaraq 350 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay bir uşaq üçün qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Emil adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Emil adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3334/2023 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3334/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar