Məhkəmə qərarları › İş №e-2(012)-4106/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4106/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4106/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.400 manat pulun və ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8.505 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ona 8.400 manat məbləğində borc pul vermişdir. Aralarında olan qarşılıqlı razılaşmaya görə borc xx.xx.2024-cü il tarixində notarial qaydada borc müqaviləsi kimi rəsmiləşdirilmiş və alınmış 8.400 manat məbləğində borc pul müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində qaytarmalı idi. Müqavilədə borcun qaytarılması müddəti bitəndən sonra borcu qaytarmaq barədə müraciət edilsə də, lakin cavabdeh borcunu qaytarmaq istəmir, nə vaxt pulu olsa onda da qaytaracağını bildirir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 8.400 manat pulun və ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8.505 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 21 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 8.400 manat pulun və ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8.505 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsində göstərilənlərə əlavəsi yoxdur. Cavabdeh iddia ərizəsində göstərilən 8.400 manat borc məbləğindən artıq 1.000 manat hissəsini ona qaytarmışdır. Qarşı tərəflə aralarında borcun hissəli şəkildə qaytarılması ilə bağlı razılaşma olsa da, cavabdeh tərəfə etibarı yoxdur. Bu səbəbdən də məhkəmə qaydasında iş üzrə yekun qərar çıxarılmasını istəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, notariat qaydada bağlanmış borc müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh borc pul verilmişdir. Lakin müqavilədə borcun qaytarılması üçün nəzərdə tutulan müddətin keçməsinə baxmayaraq, bu günə kimi həmin borc məbləği qaytarılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı sözügedən 8.400 manat borc məbləğini ona borcunu qaytarmaq və ölkədən giriş-çıxışına qoyulan məhdudiyyətin götürülməsi üçün vermişdir. Hər ay 500 manat olmaqla iddiaçıya olan borc məbləğini qaytarır. Hazırda 8.400 manat borc məbləğindən 1.000 manat hissəsini qaytarmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, qeyd edilən 8.400 manat borc məbləğini görə onunla iddiaçı arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Hər ay borcunu hissəli şəkildə qaytarır. Yekun qərar çıxarılarkən bunun nəzərə alınmasını istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq olunmuş (reyestr № 3M-603) 21 noyabr 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı 8.400 manat məbləğində pulu borc alan Cavabdeh borc vermiş, Cavabdeh borcu xx.xx.2024-cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 105 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 8.400 manat məbləğində pul almışdır. Cavabdeh iddiaçıdan 8.400 manat məbləğində borc aldığını, həmin puldan 1.000 manatı iddiaçıya qaytardığını, 7.400 manatı isə borclu qaldığını və bu günədək qaytarmadığını etiraf etmişdir. İddiaçı da cavabdehin ondan aldığı 8.400 manatdan 1.000 manatını qaytardığını, hazırda ona 7.400 manat borclu olduğunu bildirmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, cavabdeh 8.400 manat məbləğindən 1.000 manatı iddiaçıya qaytarsa da, qalan 7.400 manatı bu günədək qaytarmadığı üçün iddia qismən təmin edilərək 7.400 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.400 məbləğində pul alınaraq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Bu baxımdan məhkəmə hesab edir ki, ödənilmiş 105 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7.400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar