Məhkəmə qərarları › İş №e-2(012)-4109/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4109/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4109/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsinə 20 sentyabr 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 yanvar 2022-ci il tarixli, NZNPU-06615 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3365,64 (üç min üç yüz altmış beş manat 64 qəpik) manat, faiz borcuna görə 142,39 (bir yüz qırx iki manat 39 qəpik) manat, dəbbə borcuna görə 173,97 (bir yüz yetmiş üç manat 97 qəpik) manat, cəmi 3682 (üç min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində pulun və 56.83 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı ASCnin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli, NZNPU- 06615 saylı kredit müqaviləsinə əsasən illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 3450 (üç min dörd yüz əlli) manat məbləğində cavabdehə kredit verilmişdir. 31 Yanvar 2022-ci il tarixli, NZNPU-06615 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh 31 yanvar 2022-ci il tarixli, NZNPU-06615 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3365,64 (üç min üç yüz altmış beş manat 64 qəpik) manat, faiz borcuna görə 142,39 (bir yüz qırx iki manat 39 qəpik) manat, dəbbə borcuna görə 173,97 (bir yüz yetmiş üç manat 97 qəpik) manat, borcun cəmi məbləği 3682 (üç min altı yüz səksən iki manat 00 qəpik) manat təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 31 yanvar 2022-ci il tarixli, NZNPU-06615 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3365,64 (üç min üç yüz altmış beş manat 64 qəpik) manat, faiz borcuna görə 142,39 (bir yüz qırx iki manat 39 qəpik) manat, dəbbə borcuna görə 173,97 (bir yüz yetmiş üç manat 97 qəpik) manat, cəmi 3682 (üç min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində pul və 56.83 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14 fevral 2019-cu il tarixli, SBNPU-1941 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 31 yanvar 2022-ci il tarixli, NZNPU-06615 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3365,64 (üç min üç yüz altmış beş manat 64 qəpik) manat, faiz borcuna görə 142,39 (bir yüz qırx iki manat 39 qəpik) manat, dəbbə borcuna görə 173,97 (bir yüz yetmiş üç manat 97 qəpik) manat, cəmi 3682 (üç min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində pul və 56.83 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar