Məhkəmə qərarları › İş №e-2(012)-4113/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4113/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4113/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə 31 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 453,60 (dörd yüz əlli üç manat 60 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 214,96 (iki yüz on dörd manat 96 qəpik) manat pulun və 30 (otuz altı manat 64 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 698,56 (altı yüz doxsan səkkiz manat 56 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/1916 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00369 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Natek G-4 MEXANİKA markalı 40019965 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi fakti aşkar olunmuş və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 453,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin may-dekabr ayları üzrə 101 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 253,60 manat sərfiyyat borcu, 2022ci ilin yanvar-may ayları üzrə 105,36 manat sərfiyyat borcu, cəmi 459,96 manat məbləğində sərfiyyat borcu qalmışdır. 2020-ci ilin may ayından 2022-ci ilin may ayına qədər cavabdeh cəmi 245 manat məbləğində ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 214,96 (iki yüz on dörd manat 96 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 668,56 (iki yüz altmış səkkiz manat 56 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X1”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İşin materiallarında olan Abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə 2020-ci il tarixə 453,60 manat, ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hal-hazırda ümumi olaraq (sərfiyyat daxil olmaqla) 668,56 manat təşkil etməsi, bundan 90 manat ödəniş edilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən 90 manat məbləğində pul vəsaiti İddiaçı İB-nə ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 15 may 2020-ci il tarixdə İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abunə kodu - **********00369) təbii X1na riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etməsi aşkar olunmuş, bununla əlaqədar xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 453,60 manat cərimə hesablanmışdır. Aktdan görünür ki, əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.Cavabdeh sayğacdan əvvəl təbii qazdan istifadə olunmadığını bildirdi. İddiaçı cavabdehin sayğacdan əvvəl təbii qazdan istifadə etməsi ilə bağlı mötəbər sübutlarını iş materiallarına əlavə etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin 214,96 manat debitor borcu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin məbləğdən 90 manat ödəniş edildiyindən iddia həmin hissədə qismən təmin edilməli, 124,96 manat debitor borcuna görə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış debitor borcuna görə 124,96 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar