Məhkəmə qərarları › İş №e-2(012)-4137/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4137/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4137/2025 01.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə 01 dekabr 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş olan 48250 manat maddi ziyan, 1000 manat məbləğində mənəvi zərərin, 10000 manat əldən çıxmış fayda, hüquqi yardım üçün ödədiyi 325 manat və 269 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 59575 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kran İddiaçı xüsusi mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. İddiaçı bu hadisə baş verməmişdən əvvəl dəfələrlə müxtəlif şirkətlər ilə müqavilə bağlayaraq onların işlərini görmüşdür. Əvvəllər Şuşa şəhəri istiqamətində cavabdeh avtomobili idarə edən zaman avtomobilin bəzi hissələri (akkumulyatorları) oğurlandığı üçün iddiaçı cavabdehə həmin istiqamətə getməyi qadağan etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində iddiaçı Cəbrayıl rayonunda “DKT İnşaat”dan sifariş almış və cavabdehə avtomobil ilə birlikdə oraya getməsini demişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxladıqda cavabdeh iddiaçıya hər şeyin qaydasında olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışlarından biri iddiaçıya zəng edərək kranın aşmasını demiş, iddiaçı isə tanışına kranın Şuşa şəhəri istiqamətində olmadığını söyləmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıya məlumat vermədən getmişdir. İddiaçı cavabdehin səhlənkarlığı (etinasızlığı) nəticəsində kranın aşmasını müəyyən etmişdir. Həmçinin sonradan iddiaçıya məlum olmuşdur ki, özünün də etiraf etdiyi kimi cavabdeh yolun maili olmasını nəzərə almadan sürətlər qutusunun 1 və ya 2-ci pilləsi ilə düşməli olmasına baxmayaraq 4-cü pilləsi ilə düşmüşdür. Bunun nəticəsi olaraq hadisə baş vermişdir ki, iddiaçıya külli miqdarda ziyan dəymişdir. Hadisədən sonra kran yararsız hala düşmüşdür. Avtomobil texniki cəhətdən saz olmuşdur. Faktla bağlı Xocalı RPŞnin TQ tərəfindən araşdırma aparılmışdır və iş üzrə ekspertizalar təyin olunmuşdur. Ekspertizanın nəticəsinə əsasən Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərində uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda Xocalı RPŞ-nin TQ tərəfindən aparılmış araşdırmada müəyyən olunmuşdur ki, iddiaçının əmlakına 48250 manat maddi ziyan dəymişdir və bu barədə qüsur aktı da mövcuddur. İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə müqavilə əsasında vermişdir. Hesab edirlər ki, cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşıması üçün tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmasına zərurət olmamışdır. Həmçinin onlar Cavabdeh iddiaçıya dəymiş olan 48250 manat maddi ziyan ilə yanaşı 1000 manat məbləğində mənəvi zərər və 10000 manat əldən çıxmış faydanın ödənilməsini də tələb edirlər. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkili-nümayəndəsi Vəkil1 izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, o, Cavabdeh sürücü kimi işə götürmüşdür. Cavabdehi işə qəbul etdiyi zaman onunla cavabdeh arasında əmək müqaviləsi bağlansa da maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır. Cavabdeh Cəbrayıl rayonda işləməli olsa da başqa bir əraziyə getmiş və onlara məlumat verməmişdir. Bildirir ki, cavabdeh qəzadan sonra ciddi xəsarət almamışdır. O, maşını əzilmiş vəziyyətdə 40000 manata satmışdır, halbuki o, vaxtilə 2022-ci ildə sözügedən nəqliyyat vasitəsini 150000 manata almışdır. Maşının bərpası üçün 50000 manata yaxın pul lazımdır. Cavabdeh hazırda Ceyranbatan qəsəbəsində işləyir və orta hesabla 1000-1200 manat maaş alır. Onun ailəsi şəhid ailəsidir və dövlət tərəfindən verilən pul vəsaiti hesabına o, maşın almışdır, lakin cavabdeh həmin avtomobili aşırmışdır. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, İddiaçı 2021-ci ilin mart ayından tanıyır. Belə ki, həmin vaxt o, başqa şəxsə məxsus avtokran idarə etmişdir, iddiaçı ondan onunla işləməyi xahiş etmiş, o da iddiaçı ilə razılaşmışdır. Bütün müqavilələri iddiaçı özü bağlamış, ona isə aylıq maaş vermişdir. Cəbrayıl rayonunda yerləşən təşkilat ilə də iddiaçı özü müqavilə bağlamışdır. O, qəza törətdiyi əraziyə özbaşına getməmiş, həm təşkilatın, həm də iddiaçının məlumatı və göstərişi əsasında getmişdir. Hadisədən sonra o, ağır xəsarət almışdır. Həmin müddət ərzində iddiaçı ona heç bir yardım göstərməmişdir. Əksinə, iddiaçı ona və ailə üzvlərinə müxtəlif formada hədə-qorxu gəlmişdir. Avtokran isə 2 ay müddətinə tam təmir edilmiş və başqa şəxsə satılmışdır. İddiaçı ona yalnız kranı idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı onunla əmək müqaviləsi bağlasa da onlar arasında maddi məsulliyyət haqqında müqavilə bağlanmamışdır. O, iddiaçıya vurduğu ziyana görə hər hansı formada məsuliyyət daşımır. O, ağır həyat şəraiti yaşayan adamdır və iddiaçı bundan məlumatlıdır. Ona görə də iddiaçı ona təzyiq göstərir. O, hər hansısa bir zərəri ödəmək qabiliyyətində deyildir. Bu səbəbdən də hesab edir ki, iddia tam əsassızdır. Odur ki, göstərilənlərə əsasən o, İddiaçı ona qarşı qaldırdığı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında cavabdehin etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, onlar iddia tələbini bütövlükdə qəbul etmirlər. Belə ki, Cavabdeh başqa şəxsə işləmiş, daha sonra İddiaçı cavabdehə onunla işləməyi təklif etmiş, cavabdeh bu təklif ilə razılaşmış və tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmasına baxmayaraq tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır. Halbuki əmək müqaviləsi bağladıqları zaman iddiaçı cavabdeh ilə maddi məsuliyyət barədə müqavilə də bağlamalı idi. Həmçinin iddiaçının cavabdehə ona məxsus maşın ilə Şuşa və Cəbrayıl şəhərlərinə getməyi qadağan etməsi ilə bağlı cavabdehin məlumatı olmamışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh qəzadan sonra ağır vəziyyətdə olmuşdur və xəstəxanaya yerləşdirilmişdir. Cavabdeh hazırda səfalət içərisində yaşayır və onun iddiaçıya pul ödəmək imkanı yoxdur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xxxxxxx000600 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən sürücü, avtokar olaraq işə başlaması və əmək müqaviləsinin müddətsiz olaraq bağlanması nəzərdə tutulmuş, daha sonra sözügedən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Xocalı RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Xocalı rayonunun işğaldan azad edilmiş Mədətkənd kəndi ərazisindən keçən “Zəfər Yolu”nun 83-cü kilometrliyində Şuşa şəhəri istiqamətində hərəkətdə olan Cavabdeh idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı, "STS 250” markalı xüsusi təyinatlı kran sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarına aşmış və sürücü müxtəlif bədən xəsarətləri almış, həmin məlumat НK-1/355 sayda qeydiyyata alınaraq icrası polis orqanına həvalə edilmiş, həmçinin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan X4 ərizə ilə Xocalı RPŞ-nə müraciət edərək özünə məxsus **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250" markalı xüsusi təyinatlı kran sürücü Cavabdeh Xocalı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsini və krana maddi ziyan vurmasını, dəymiş ziyanının ödətdirilməsinə köməklik edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək yenidən araşdırmanının aparılması üçün xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur. Araşdırma nəticəsində hadisə zamanı Cavabdeh idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranda sərnişinin olmadığı və xəsarət alan şəxsin sürücü olması nəzərə alınması halında sürücünün aldığı xəsarətin ağrılıq dərəcəsindən asılı olmayaraq hər hansı bir cinayətin, xüsusən, CM-in 263-cü maddəsinin tərkibi yaranmamış və bu səbəblə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi, bundan başqa qəbul edilmiş qərarın surətinin X2 göndərilməklə Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbinin məhkəmə səlahiyyyətinə aid olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Xocalı RPŞ YPX-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10:09-da **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranı idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan SBS Construction MMC tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, «STS 250» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtokranın qüsurlu hissələri: akkumilyator – 2 ədəd – 1200 manat; sərəlka çəni – 600 manat; Yağ hidravlika – 3500 manat; disk – 2 ədəd – 750 manat; təkər – 3 ədəd – 750 manat; pavarot valı – 1000 manat; karopka kolsa – 300 manat; motorun sökülməsi və yığılması, rama düzəlişi, usta, yağ, qladiş, porşen, motor tutmuş halda – 7000 manat; arxa ressorlar (2 ədəd), qabaq (1 ədəd), balansır (sağ-sol, usta ə/h) – 2000 manat; ümumi dəmir işi (2 kabina, yuxarı və aşağı düzələn və alınan detallar, usta ə/h) – 14000 manat; kraska (ümumi) – 3500 manat; şüşələr (ümumi) – 1800 manat; güzgülər – 500 manat; bufer, fara, padnoşka (sağ və sol) – 3000 manat; radiator – 1 ədəd – 800 manat; monitor (beyinlə əlaqəli) – 2000 manat; kusak – 5000 manat; roliklər, paçemnik və usta ə/h – 4 ədəd – 550 manat olmaqla cəmi 48250 manat zərər dəymişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “sürücü, avtokar” vəzifəsində işə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10:09-da iddiaçıya məxsus olmuş və etibarnamə əsasında ona verilmiş **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranı idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğundan yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində sözügedən nəqliyyat vasitəsinə zərər vurmuşdur. İş materiallarında olan Xocalı RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi araşdırma nəticəsində hadisə zamanı Cavabdeh idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranda sərnişinin olmadığı və xəsarət alan şəxsin sürücü olması nəzərə alınması halında sürücünün aldığı xəsarətin ağırlıq dərəcəsindən asılı olmayaraq hər hansı bir cinayətin, xüsusən, CM-in 263-cü maddəsinin tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi, bundan başqa qəbul edilmiş qərarın surətinin X2 göndərilməklə Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbinin məhkəmə səlahiyyyətinə aid olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Xocalı RPŞ YPX-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı kranı idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ounn barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Beləliklə, iş materialları və işdə iştirak edən şəxslərin, o cümlədən, iddiaçının vəkilinümayəndəsinin, cavabdehin və onun vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlandığından onlar arasında vaxtilə əmək münasibətlərinin mövcud olması işin mübahisə edilməyən hallarıdır. Həmçinin cavabdeh tərəf iddia tələbinə etiraz ərizəsində və məhkəmə iclasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə istinad etməklə tərəflər arasında əmək müqaviləsi bağlandığı zaman və əmək münasibətləri prosesində iddiaçı tərəfindən cavabdeh ilə işçinin öz üzərinə tam məsuliyyət götürməsi haqqında yazılı müqavilə bağlanmadığını əsas gətirərək, iddiaçıya dəymiş ziyanın ödənilməsi öhdəliyini daşımadıqlarını bildirmişdir. Lakin məhkəmə, cavabdehin yuxarıda qeyd edilən qanunvericilik normasına istinad edərək bildirdiyi mövqe ilə razılaşmır. Belə ki, işin faktiki hallarından göründüyü kimi hazırkı iddia tələbinin əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “c” bəndi təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İş materiallarından da göründüyü kimi Xocalı RPŞ YPX-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Cavabdeh iddiaçıya məxsus olmuş **-XP-*** dövlət qeydiyyat nişanlı, “STS 250” markalı xüsusi təyinatlı krana zərər dəydiyi yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhz qeyd edilmiş bu xüsusat məhkəməyə iddia tələbinin iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinin təmin etməyə əsas verir. Bundan əlavə cavabdehin işçi kimi qanunazidd hərəkətləri nəticəsində iddiaçıya məxsus olmuş «STS 250» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtokrana cəmi 48250 manat zərər dəymiş və bu fakt iş materiallarında olan SBS Construction MMC tərəfindən verilmiş qüsur aktı ilə öz təsdiqini tapmış,həmin məbləğin miqdarı məhkəmədə cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmiş,cavbabdeh tərəfin etirazı yalnız maddi məsuliyət haqqında müqavilə bağlanmamasına əsaslanaraq iddianın rədd edilməsi xahiş olunmuşdur ki,bu xüsusata da məhkəmə tərəfindən yuxarıda qiymət verilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edərək hesab edir ki, Cavabdeh İddiaçı dəymiş maddi ziyana görə 48250 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia tələbinin 1000 manat məbləğində mənəvi zərərin və 10000 manat əldən çıxmış faydaya görə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf Cavabdeh tərəfindən ona dəymiş 1000 manat mənəvi zərər və 10000 manat məbləğində əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini və əldən çıxmış faydanın 10000 manat məbləğində olmasını bildirsə də onun izahatı hər hansı bir sübut ilə təsdiqini tapmamış və iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı istinad etdiyi halları əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bu səbəbdən məhkəmə iddia tələbinin qeyd edilən hissələrdə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə məhkəmə, iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 325 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 269 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 219 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı dəymiş olan 48250 manat maddi ziyan, hüquqi yardım üçün ödənilmiş 325 manat xidmət haqqı və 219 manat dövlət rüsumu olmaqla, cəmi 48794 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh 1000 manat mənəvi zərərin və əldən çıxmış faydaya görə 10000 manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar