Məhkəmə qərarları › İş №e-2(012)-414/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-414/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-414/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadıq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdehna qarşı mənzilə köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı mənzilə köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və həmin evdə yaşaması üçün Cavabdeh tərəfindən hər hansı maneənin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Ziyadov Xəlil 1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə 0,10 ha torpaq sahəsini satın almış, daha sonra həmin ərazinin 1,5 sot hissəsində birmərtəbəli, 2 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. O və bacısı, yəni iş üzrə Cavabdeh atalarının tikdirdiyi bu evdə məskunlaşmışlar. Cavabdeh ailə həyatı qurmuş, sonradan ailə-nikah münasibətləri pozulmuş, nəticədə Cavabdeh 16 yaşlı qızı ilə yenidən ata evinə qayıdaraq onunla yaşamağa başlamışdır. Lakin onlar ayrı-ayrı otaqlarda yerləşsələr də, onun bu evdə yaşamasına maneələr törətməkdədir. Uzun müddətdir ki, o, bu evdə yaşayır. Vəziyyət o hala gəlib çatmışdır ki, cavabdehlə münasibətlərin gərginləşməsi səbəbindən evi tərk etməyə məcbur olmuşdur. Dəfələrlə cavabdeh tərəfindən qovulmuş və orada yaşamasına maneçilik törədilmişdir. Cavabdeh yol vermiş olduğu məhrumetənin nəticəsində bəhs olunan tarixdən bu günə qədər o, öz evində normal həyatına davam edə bilmir. Cavabdeh tərəfindən yaşayış hüququndan məhrum edilməklə nəticələnən bu qanunsuz hərəkətlərə son qoyulmalı və mənzil hüququnun həyata keçirilmə forması kimi həmin evdə yaşaması təmin edilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən onun Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşaması üçün Cavabdeh tərəfindən hər hansı maneənin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, evin heç bir hüquq müəyyənedici sənədi olmasa da, əmlak mövcuddur və yaşamağa yararlıdır. Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, mübahisəli yaşayış evini 2014-cü ildən hissə-hissə özü inşa etdirmişdir. Evin yerləşdiyi torpaq sahəsi isə Bəhmən adlı babasından miras qalmışdır. 2020-ci ilədək o və bacısı Bakı şəhəri, Əcəmi metrosu tərəfdə olan anasına məxsus evində yaşamış, pandemiya vaxtı isə hamısı mübahisəli evə köçmüşlər. Ev əvvəllər 2 otaqlı olmuş, lakin sonradan onun vəsaiti ilə oraya şüşəbənd artırılmışdır. İddiaçı əslində hələ də anasına məxsus evdə yaşayır, lakin bu evdən də pay istəyir. Evin kommunal xidmətlərinə dair xərcləri özü ödəyir. İddiaçının mübahisəli evdə yaşamasına razı deyildir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 bildirdi ki, o tərəflərin atasıdır. Mübahisəli evi o, 2 otaqlı kimi tikdirmişdir. Otaqlardan birini iddiaçıya, birini isə cavabdehə vermişdir, lakin sənədlər Təhminənin adınadır. Hazırda isə böyük qızı Təhminə bundan istifadə edərək kiçik qızı Sevincə orada yaşamağa imkan vermir. Hər iki qızı orada pandemiya vaxtından yaşayırlar, lakin son bir ildə onlar arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 bildirdi ki, tərəflərin qonşusudur. Hər iki bacı 6-7 il olar ki bir evdə yaşayır. O özü bu evdə usta kimi işləmişdir. Sevinci bu evdə yaşayan sakin kimi tanıyır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarından görünür ki, mübahisəli yaşayış evinə aid hüquq müəyyənedici sənəd yoxdur, bununla belə həmin əmlak mövcuddur və orada yaşamaq mümkündür. İşdən görünür ki, tərəflər bacıdırlar və onlar arasında babalarından qalan torpaqda ataları tərəfindən tikilmiş evlə bağlı mübahisə yaranmışdır. İddiaçı iddia edir ki, bu evi atası onlar üçün inşa etdirmiş olsa da, cavabdeh onu burada yaşamağa imkan vermir, buna maneələr törədir. Cavabdeh isə etiraz edərək qeyd edir ki, evin yerləşdiyi torpaq sahəsi babasından qalmışdır və buradakı evi özü inşa etdirmişdir. Buna görə də bacısının burada yaşamağa hüququ yoxdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, mübahisəli yaşayış evini əslində tərəflərin atası Xəlil Ziyadov inşa etdirmiş, ev 2 otaqlı olmuş, hər iki bacı üçün 1 otaq nəzərdə tutulmuş, lakin bələdiyyə sənədləşməsində böyük övlad olduğuna görə Cavabdeh adı qeyd edilmişdir. Tərəflər bu qanunsuz tikilidə 2020-ci ildən daimi olaraq yaşamaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməli, onun bu evdə yaşamasına yaradılan maneələr cavabdehə qadağan edilməli, iddia təmin edilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 14, 36, 77, 150 və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülsün və Cavabdeh tərəfindən evdən istifadəyə yaradılan maneələr aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdehndan alınaraq İddiaçı qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar