Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4163/2022 13.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmənin iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1nun və Cavabdeh2nun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndan və Cavabdeh2ndan müştərək qaydada 8.932,40 manat məbləğində əsas borc və 1.015,70 manat faiz borcu olmaqla, cəmi 9.948,10 manat borcun və 199.89 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 17,5 % dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 30 iyun 2022-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 8.932,40 manat məbləğində əsas borcu və 1.015.70 manat faiz borcu olmaqla, ümumilikdə 9.948,10 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1ndan və Cavabdeh2ndan müştərək qaydada 8.932,40 manat məbləğində əsas borc və 1.015,70 manat faiz borcu olmaqla, cəmi 9.948,10 manat borcun və 199.89 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, həqiqətən də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2021-ci il tarixdə kredit müqaviləsinə əsasən 10.000 manat məbləğində kredit götürmüşdür. İlk əvvəl aylıq kredit ödənişlərini vaxtında ödəsə də, sonradan işdən çıxdığına görə kredit ödənişlərini ödəyə bilməmişdir. O, götürdüyü kredit məbləğinin qaytarılmasından boyun qaçırmır. Onun banka olan borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Hazırda işə düzəlmiş və hər ay 150-200 manat ödəməklə banka olan borcunu qaytaracaqdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da iddia tələbini qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 onun dostudur. Həqiqətən də Elmir Valehli iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddia ərizəsində qeyd olunan kredit məbləğini götürmüş və o, həmin vaxtı kreditin qaytarılmasına zamin durmuşdur. Elmir Valehli ilə eyni yerdə işləmiş və iş yoldaşı olmuşlar. O da işlədiyi yerdən işdən çıxmışdır. İşdən çıxdıqlarına görə maddi cəhətdən çətinlikləri yaranmışdır. Bu səbəbdən də aylıq ödənişləri ödəyə bilməmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 avqust 2021ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə 10.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 25-i tarixdən gec olmayaraq 18 avqust 2024-cü il tarixədək banka hissə-hissə ödəməklə qaytarmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bankdan 10.000 manat məbləğində pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2021-ci il tarixli 100804- 803514/2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1nun 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1nun 18 avqust 2021-cu il tarixli, 100804- 803514/2 nömrəli krediti müqaviləsi üzrə "xxxx" ASC-yə 30 iyun 2022-ci il tarixinə 8.932,40 manat əsas və 1.015,70 manat faiz borcu olmaqla, cəmi 9.948,10 manat məbləğində borcu vardır. 13 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan və yol qaiməsindən görünür ki, Cavabdeh1 banka olan borcun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşdur. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 8.932,40 manat əsas, 1.015,70 manat faiz, cəmi 9.948,10 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2021ci il tarixli 100804-803514/2 saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” Cavabdeh2 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1nun kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zamin Cavabdeh2 bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın zamin Cavabdeh2 qarşı hissəsində də iddia tələbi əsaslıdır və o borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsi üzrə 8.932,40 manat məbləğində əsas borc və 1.015,70 manat faiz borcu olmaqla, ümumilikdə 9.948,10 manat tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 04 iyul 2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 119,89 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı bank tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 119,89 manat pul məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan 18 avqust 2021-ci il tarixli, 100804-803514/2 nömrəli kredit müqaviləsi üzrə 8.932,40 (səkkiz min doqquz yüz otuz iki manat, qırx qəpik) manat məbləğində əsas borc və 1.015,70 (min on beş manat, yetmiş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9.948,10 (doqquz min doqquz yüz qırx səkkiz manat, on qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119,89 (yüz on doqquz manat, səksən doqquz qəpik) manat tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-4163/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4163/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver