Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4191/2025 17.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27500 manat və dövlət rüsumu üçün ödənilmiş 203 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, təxminən 2024-cü ilin əvvəllərində Cavabdeh İddiaçı xidmət göstərdiyi Xırdalan şəhərində yerləşən gözəllik salonunda iddiaçıya məxsus “Epiray və Quarto” markalı lazer epilyasiya aparatlarının olduğunu və onları satmaq istədiyini iddiaçıya bildirmişdir. Cavabdeh ümumi dəyəri 25000 manat olan həmin lazer epilyasiya aparatlarını almasını və həmin aparatların iddiaçının xidmət göstərdiyi gözəllik salonunda qalması şərti ilə işlədəcəyini və birlikdə ondan mənfəət əldə edəcəklərini iddiaçıya təklif etmişdir. İddiaçı cavabdeh ilə razılaşdıqdan sonra sadə əlyazma yolu ilə alqı-satqı müqaviləsi bağlamış və cavabdehə “Epiray və Quarto” markalı lazer epilyasiya aparatının alqı-satqısına görə 25000 manat vermişdir. Cavabdeh epilyasiya aparatlarının işlək vəziyyətinə gətirilməsi adı ilə iddiaçıdan əlavə olaraq 4000 manat istəmiş və iddiaçı da həmin məbləği cavabdehə vermişdir. İddiaçı cavabdehə “Epiray və Quarto” markalı lazer epilyasiya aparatının alqı-satqısına görə 25000 manat və onların işlək vəziyyətə gətirilməsinə görə isə 4000 manat olmaqla, ümumilikdə, 29000 manat vermişdir. Bir müddət sonra məlum olmuşdur ki, iddiaçının cavabdehdən 25000 manata aldığı “Epiray və Quarto” markalı lazer epilyasiya aparatları cavabdehə deyil, başqa bir şəxsə məxsusdur. “Epiray və Quarto” markalı lazer epilyasiya aparatlarının əsl sahibi isə onları həmin salondan özü ilə aparmışdır. Cavabdehdən baş verənlərin səbəbini soruşduqda cavabdeh digər şəxslərə borcu olduğunu və həmin aparatları satdığını bildirmişdir. İddiaçı cavabdehə “Epiray və Quarto” markalı lazer epilyasiya aparatının alqı-satqısına görə 25000 manat və onların işlək vəziyyətə gətirilməsinə görə isə 4000 manat, ümumilikdə, ona verdiyi 29000 manatın geri qaytarılmasını tələb etdikdə cavabdeh iddiaçıya ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 55 saylı evdə yerləşən 19 saylı mənzilini tezliklə satacağını və ona verdiyi 29000 manatın iddiaçıya geri qaytaracağını bildirmişdir. Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 55 saylı evdə yerləşən 19 saylı mənzilini satacağını və iddiaçıya olan borcunu ödəyəcəyini sadə yazılı formada yazmış və onu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 55 saylı evdə yerləşən 19 saylı mənzilini təxminən 2024-cü ilin avqust ayında satmışdır, lakin iddiaçıdan aldığı 29000 manatın geri qaytarılmasından imtina etmişdir. Cavabdehə dəfələrlə pulun geri qaytarılması ilə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh xəbərdarlıqlara heç bir məhəl qoymamışdır. Bu vaxta qədər cavabdeh iddiaçıdan aldığı 29000 manatdan 1500 manatını geri qaytarmış, lakin 27500 manatı geri qaytarmaqdan imtina edir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, gözəllik salonunda işləmiş və lazer aparatını əvvəllər icarəyə götürərək işlətmişdir. İddiaçı onun işçisi Sevinc adlı xanım vasitəsilə tanımışdır. Onun öz salonunda 2 lazer aparatı olmuş, salon açdığı üçün borca düşdüyündən o, aparatları işlədib pul qazanaraq onların dəyərini aparat sahiblərinə ödəməyi, daha sonra aparatların ona qalacağını düşünmüşdür. O, iddiaçıdan borc pul almış, iddiaçı isə aparatları ondan almışdır. Lakin aparatların sahibləri ondan aparatlarını istəmiş, iddiaçı da aparatların ona məxsus olmadığını bildikdən sonra aparatları sahiblərinə qaytarmışdır. Bu səbəbdən o, iddiaçıya borclu qalmışdır və onun hazırda iddiaçıya 27500 manat borcu vardır. O, iddiaçı tərəfin də qeyd etdiyi evi satmış və anasının adına yeni ev almışdır. Həmçinin onun 2 övladı vardır və övladlarının hər ikisi artıq yetkinlik yaşına çatmışdır. Onun rəsmi iş yeri vardır və 400 manat maaş alır. Odur ki, göstərilənlərə əsasən o, borc məbləğinin onun əmək haqqından tutulmasını istəyir. İş materiallarında olan Cavabdeh sadə əlyazma ilə yazdığı 10 may 2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh onun adında olan “Epiray” markalı lazer epilyasiya aparatını 18000 manat, “Quarto” markalı lazer epilyasiya aparatını isə 7000 manata İddiaçı satmış, həmçinin İddiaçı 29000 manat məbləğində borc almış və evi satıldıqdan sonra qeyd edilən məbləğdə borcunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh cəmi 29000 manat məbləğində pul verməsi iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin məhkəmədə verdikləri izahatı, həmçinin Cavabdeh sadə əlyazma ilə yazdığı 10 may 2024-cü il tarixli qəbzləri ilə yanaşı iş materiallarında olan digər sənədlər ilə də tam təsdiq olunur. İş materiallarında olan Cavabdeh sadə əlyazma ilə yazdığı 10 may 2024-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh icarəyə götürdüyü “Epiray” markalı lazer epilyasiya aparatını 18000 manat, “Quarto” markalı lazer epilyasiya aparatını isə 7000 manata İddiaçı satmış, həmçinin İddiaçı 29000 manat məbləğində borc almış və evi satıldıqdan sonra qeyd edilən məbləğdə borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh almış olduğu pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Cavabdeh iddiaçıdan aldığı 29000 manatdan 1500 manatını geri qaytarmış, lakin 27500 manatı geri qaytarmaqdan imtina etmişdir. Qarşı tərəf iddia tələbində göstərilənləri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmiş, hətta cavabdeh məhkəmə iclasında iddiaçıdan borc müqaviləsi üzrə 29000 manat pul götürdüyünü etiraf etmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki olaraq borc münasibətləri yaranmış, Cavabdeh İddiaçı aldığı 29000 manat pulu qaytarmaq öhdəliyi daşımışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh borc aldığı 29000 manat pulun ödənilməmiş qalan hissəsi, yəni 27500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 203 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 27500 manat pul vəsaiti və 203 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4191/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4191/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver