Məhkəmə qərarları › İş №e-2(012)-4221/2025

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-4221/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4221/2025 20.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26900 manat borcun və hüquqi xidmət üçün ödənilmiş 400 manat və 171.9 manat dövlət rüsumu olmaqla, cəmi 27471.9 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəllər tanıdığı cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq, hissə-hissə iddiaçıdan ümumilikdə 26900 manat məbləğində borc pul almış və öz xətti ilə borcların alınmasına dair qəbzlər yazmışdır: 1) xx.xx.2021-ci il tarixdə 2000 manat; 2) xx.xx.2021-ci il tarixdə 900 manat; 3) xx.xx.2021-ci il tarixdə 1900 manat; 4) xx.xx.2021-ci il tarixdə 2500 manat; 5) xx.xx.2021-ci il tarixdə 2000 manat; 6) xx.xx.2022-ci il tarixdə 7600 manat; 7) xx.xx.2024-cü il tarixdə 10000 manat. Cavabdeh iddiaçıdan aldığı pulları bir neçə ay ərzində qaytaracağına söz versə də, sonradan sözünü tutmamış, aldığı borcu bu günə kimi qaytarmamışdır. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmiş, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər iddiaçının xalası qızı vasitəsilə tanış olmuşlar. Cavabdeh iddiaçıdan mütəmadi olaraq pul almışdır. Cavabdehin iddiaçıya ümumi borcu 26900 manat təşkil edir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehə təxminən 27000 manat pul vermiş, lakin cavabdeh evini satdıqdan sonra pulu qaytaracağını deyərək onu aldatmış və borcunu qaytarmamışdır. Bununla bağlı tərəfindən polisə müraciəti olmamışdır. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. X2 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh ünvan 1 ünvanda yaşamır, bu səbəbdən məhkəmə bildirişi cavabdehə təqdim edilə bilmədiyi üçün geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən cavabdehin məhkəmə iclaslarına gəlməməsi səbəbindən onun iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılması barədə məhkəməyə ərizə təqdim edildiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: -Borcun etiraf edilməsi barədə xx.xx.2021-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğində borc almışdır. -Borcun etiraf edilməsi barədə xx.xx.2021-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh 10 gün müddətinə qaytaracağını bildirərək İddiaçı 900 manat məbləğində borc almışdır. -Borcun etiraf edilməsi barədə xx.xx.2021-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh 1 ay müddətinə qaytaracağını bildirərək İddiaçı 1900 manat məbləğində borc almışdır. -Borcun etiraf edilməsi barədə xx.xx.2021-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borc almışdır. -Borcun etiraf edilməsi barədə xx.xx.2021-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğində borc almışdır. -Borcun etiraf edilməsi barədə xx.xx.2022-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh İddiaçı 7600 manat məbləğində borc almışdır. -Borcun etiraf edilməsi barədə xx.xx.2024-cü il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh İddiaçı 10000 manat məbləğində borc almışdır. -xx.xx.2025-ci il tarixli, 19828 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 6 saylı Vəkil Bürosuna 400 manat ödəniş edilmişdir. İddia ərizəsi və iddiaçı tərəfin izahatından görünür ki, iddiaçı cavabdehin müxtəlif tarixlərdə ondan müxtəlif məbləğlərdə borc götürdüyünü, bununla bağlı öz imzası ilə təsdiqləyərək iltizamlar yazdığını, lakin borcunu indiyə kimi qaytarmadığını irəli sürərək ümumilikdə 26900 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 26900 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** qəbz əsasında ödənilmiş 171.9 manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün ödənilmiş 400 manat vəkil xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26900 manat məbləğində pul vəsaiti, ödənilmiş 171.9 manat dövlət rüsumu və 400 manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar