Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-423/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1196,03 manat borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisə ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4397 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 20 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 411 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşlar. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4397 saylı kredit müqaviləsi xx.xx.2015-cı il tarixli, **********2650 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3622 manat, faiz 0 manat, cərimə borcu 0 manat müəyyən edilmişdir. Eyni tarixli, **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşlar. xx.xx.2015-cı il tarixli, **********2650 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli, **********8056 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3109,14 manat, faiz 0 manat, cərimə borcu 0 manat müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği əsas borc üzrə 1196,03 manat təşkil edir. Müqavilə üzrə faiz və ya cərimə borcu yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 436,03 manat borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndələri X4 və Nümayəndə3 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 borcun məbləği ilə razılaşdığını bildirdi. O, maddi imkansızlığını əsas gətirərək bu məbləğdə borcu bir dəfəyə ödəyə bilməyəcəyini bildirdi. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4397 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən Cavabdeh2 illik 28% faiz dərəcəsi olmaqla 20 ay müddətinə 6500 manat kredit verilmişdir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən borcalan krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4397 saylı kredit müqaviləsi restrukturizasiya edilmiş, əsas borc 3622 manat, ödəmə müddəti isə 22 ay müəyyən edilmişdir. - xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, , Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 kredit öhdəliklərinə görə zamin durmuşlar. - xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********2650 saylı kredit müqaviləsi restrukturizasiya edilmiş, əsas borc 3109,14 manat, ödəmə müddəti isə 36 ay, illik faiz dərəcəsi isə 14,10 % müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM-ə əsas borc üzrə 1196,03 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 1196,03 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM-ə əsas borc üzrə 436,03 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 436,03 manat borcu vardır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi, borclu Cavabdeh2 «Finca Azərbaycan” Qeyri- Bank Kredit Təşkilatı MMM-dən tələb olunan məbləği kreditə götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, borclu Cavabdeh2 «Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM qarşısında öhdəliyi yaranmışdır və o, eyni zamanda onun öhdəliklərinə təminat verən zaminlər Cavabdeh1 və Cavabdeh3 bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün müştərək qaydada cavabdehdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit münasibətləri nəticəsində Cavabdeh2 iddiaçıya cəmi 436,03 manat əsas borcu vardır. Bu borc işdəki mötəbər sənədlərlə, o cümlədən maliyyə arayışları və onun özünün etirafı ilə tamamilə təsdiq olunur. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda, digər cavabdehlər də öz üzərlərinə götürdükləri zaminlik barədə öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, 436,03 manat pul cavadehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 436,03 manat pul və 32 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şiıkayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-423/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-423/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver