Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4288/2025 02.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 9000 ABŞ dolları (ödənilən günə olan məzənnəyə görə manatla) və 3000 manat məbləğində borcun, 181 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardıma görə 2000 manat məbləğində xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun mərhum həyat yoldaşı Hüseyn Abdullayevin uzaq qohumudur. Həyat yoldaşı X6 xx.xx.2023-cü ildə rəhmətə getmişdir. 24 may 2024-cü il tarixdə ona həyat yoldaşının ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həyat yoldaşı sağlığında cavabdehə borc pul vermişdir və xəstə olarkən cavabdehdən pulu tələb etsə də cavabdeh pulu qaytarmamış və qaytaracağı barədə vəd vermişdir. Həyat yoldaşının vəfatından sonra cavabdehdən onlara olan borcu qaytarmasını xahiş etdikdə, cavabdeh 15000 ABŞ dolları və 5000 manat məbləğində borcu olduğunu bildirmişdir. Bundan sonra cavabdeh 18 ay ərzində “Birbank” vasitəsilə ona hər ay 300 ABŞ dolları olmaqla, cəmi 5400 ABŞ dolları və 18 ay ərzində “Leobank” vasitəsilə 100 manat olmaqla, cəmi 1800 manat ödəmişdir. Son iki ay "xxxx" ASC vasitəsilə hər ay 300 ABŞ dolları və 100 manat olmaqla, ayda cəmi 610 manat ona pul köçürmüşdür. O, cavabdehə müraciət edib qalıq pulu bütöv şəkildə ödəməsini tələb etdikdən sonra cavabdeh 2025-ci ilin mart ayından sonra qalıq borcunu ödəməmişdir. Nəticədə cavabdeh borcundan cəmi 6000 ABŞ dolları və 2000 manat qaytarmışdır. Cavabdeh qalıq borcunu təşkil edən 9000 ABŞ dolları və 3000 manat məbləğində pulu ödəmədiyi üçün o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin o, hüquqlarının müdafiəsi ilə bağlı vəkil ilə hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlamış və müqavilə üzrə 2000 manat pul vəsaitini “Pro Bono” Vəkil Bürosunun hesabına köçürmüşdür. Həyat yoldaşının nə vaxt cavabdehə pul verməsindən onun məlumatı yoxdur. Belə ki, həyat yoldaşı vəfat etməzdən əvvəl ona demişdir ki, onun Cavabdeh pulu qalmışdır və o, həmin pulu cavabdehdən almalıdır. Cavabdehin iddiaçıdan borc aldığını etiraf etməsini əks etdirən səs yazısını o, hazırkı iddiaya dəlil kimi əldə etmişdir. Cavabdehin Nərimanov rayonunda yerləşən Respublika Uşaq Stomatoloji Mərkəzinin yanında həyat yoldaşına pul verməsindən onun xəbəri yoxdur. Vaxtilə onun həyat yoldaşı cavabdehin ona 20000 ABŞ dolları məbləğindən çox borcunun olduğunu bildirmişdir. Lakin o, iddia ərizəsində cavabdehin yaranmış borc məbləğinin orta hesabla 15000 ABŞ dolları və 5000 manat olduğunu demişdir. Onun cavabdehdən tələb etdiyi məbləğ faiz borcu deyildir. Cavabdeh borclu olduğu pulu ödəyə bilməmişdir, hər ay cavabdehin ödəməli olduğu 300 ABŞ dolları və 100 manat isə onlar tərəfindən təyin edilmiş şərti qiymət olmuşdur. Belə ki, cavabdeh borca görə hər ay qeyd edilən məbləğlərdən yüksək məbləğdə ödəniş edə bilməmişdir. Onlar cavabdeh tərəf ilə razılığa gələrək işin barışıqla yekunlaşmasını istəsələr də heç bir nəticə əldə edilməmişdir, belə ki, qarşı tərəfin onlara barışıq üçün təklif etdiyi məbləğ ona verilən puldan 2 dəfə azdır. Odur ki, hesab edir ki, cavabdehdən onun xeyrinə 9000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına məzənnəyə uyğun nisbətdə) və 3000 manat məbləğində borc, habelə hüquqi yardıma görə verilmiş 2000 manat ödəniş və 181 manat dövlət rüsumunun əvəzi məbləğində pul tutulmalıdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verərək bildirdi ki, Cavabdeh iddiaçının mərhum həyat yoldaşının qohumudur. İddiaçının həyat yoldaşı Hüseyn Abdullayev cavabdehə sağ ikən borc vermişdir. Hazırda isə iddiaçı həyat yoldaşı vəfat etdikdən sonra həyat yoldaşı tərəfindən cavabdehə verilmiş pulun qaytarılmasını tələb edir. Cavabdeh iddiaçıya 15000 ABŞ dolları borcu vardır və bununla bağlı onlarda səs yazıları və yazışmalar vardır. Borca görə cavabdeh tərəfindən iddiaçıya 6000 ABŞ dolları, 2000 manat məbləğində pul qaytarılmışdır, hazırda isə onlar qarşı tərəfdən 9000 ABŞ dolları və 3000 manat pul istəyirlər. İddiaçı mərhum həyat yoldaşı vəfat etdikdən sonra 18 ay ərzində Cavabdeh iddiaçıya ödəniş etmişdir. Məhkəməyə təqdim etdikləri diskdə olan səs yazısında cavabdeh 15000 ABŞ dolları və 5000 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Cavabdeh onlara borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir, lakin 2025-ci ilin mart ayından etibarən ödəniş etmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Cavabdeh iddiaçının həyat yoldaşına 12500 ABŞ dolları məbləğində borcu olduğunu bildirsə də məhkəməyə şahid qismində dəvət edilmiş X3 isə borcun 15500 ABŞ dolları məbləğində olduğunu bildirmişdir. Əlavə olaraq bildirir ki, onlar mübahisənin barışıq yolu ilə həll edilməsinə cəhd etsələr də heç bir nəticə əldə edə etmədiklərindən hazırda işə mahiyyəti üzrə baxılmasını istəyirlər. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, 1991-ci ildən İddiaçı ailəsini tanımışdır. Belə ki, iddiaçının mərhum həyat yoldaşı Hüseyn Abdullayev “LOR” həkimi olmuş, o da Hüseyn Abdullayevi həkim kimi tanımışdır. Tanışlıq zamanı o, Hüseyn Abdullayevə bazarda işlədiyini demiş, Hüseyn Abdullayev ona pulunun olduğunu və həmin pulu 2 faiz hesablanmaqla ona verə biləcəyini bildirmişdir. 1991-ci ildən o, iddiaçının həyat yoldaşından borca pul götürmüş və geri qaytarmışdır. Elə vaxt olmuşdur ki, Hüseyn Abdullayev ona 20000-30000 ABŞ dolları pul vermiş, o da Hüseyn Abdullayevə qeyd edilən məbləğdə pulu qaytarmışdır. O, 2017-ci ilin əvvəllərində Hüseyn Abdullayevdən 12500 ABŞ dolları və 5000 manat pul götürmüş və borc aldığı gündən pulu ödəməyə başlamışdır. 2019-cu ildən etibarən koronavirusun yayılması səbəbi ilə bazar bağlanmış, o, Hüseyn Abdullayevə borca görə hər ay ödəməli olduğu məbləği ödəyə bilməmişdir. Borc üzrə ödəniş edə bilmədiyindən həmin borc məbləğinə əlavə olaraq faiz hesablanmışdır. O, 2017-ci ildən 2025-ci ilin may ayına kimi 300 ABŞ dolları məbləğində ödəniş etmiş və Hüseyn Abdullayevdən götürdüyü borc məbləğinin hamısını qaytarmışdır. Qeyd edir ki, o, 2017-ci ildən mərhum Hüseyn Abdullayevin kartına hər ay 610 manat pul göndərmişdir. İddiaçının həyat yoldaşı Hüseyn Abdullayev 2023-cü ildə vəfat etmiş, Hüseyn Abdullayevin vəfatından sonra o, borca görə iddiaçıya əlbəəl pul ödəmişdir. O, iddiaçıya və onun həyat yoldaşına 15000 ABŞ dolları və 5000 manat pul qaytarmışdır. Belə ki, 2017-ci ildən 2023-cü ilə qədər, yəni Hüseyn Abdullayev vəfat edənədək hər ay 300 ABŞ dolları və 100 manat Hüseyn Abdullayevə əlbəəl pul vermişdir. O, ümumilikdə, 52500 manat pul qaytarmışdır. Hüseyn Abdullayev ona verdiyi 12500 ABŞ dolları üzərinə pandemiya dövründə 2500 manat faiz hesablamışdır. Son 5-6 ay ərzində o, hər ay 610 manat olmaqla iddiaçının “Birbank” və “Leobank” kart hesablarına pul ödəmişdir. İddiaçının qeyd etdiyi 610 manat və 5000 manat məbləğində pul 15000 ABŞ dollarına hesablanmış faiz məbləğidir. O, iddiaçıya 2025-ci ilin aprel ayına kimi 610 manat ödəmişdir. Bildirir ki, borcunu ödəməsinə baxmayaraq Hüseyn Abdullayev xəstə olduğu zaman ona borcun ödənilməsinə dair sənəd imzalatmamışdır. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək bildirdi ki, Cavabdeh biznesi ilə əlaqədar olaraq iddiaçının mərhum həyat yoldaşı Hüseyn Abdullayevdən borca pul götürmüş, daha sonra pis vəziyyətə düşmüşdür. Cavabdeh 3 il müddətində, hər ayın 16-da Hüseyn Abdullayevə pul ödəmişdir. Bir daha qeyd edir ki, vaxtilə iddiaçının həyat yoldaşı Hüseyn Abdullayevdən götürülmüş pul cavabdehin biznesə qoyulmuşdur və həmin işə şərik olmuş şəxs də notarial qaydada sənəd imzalayaraq borca görə yaranmış öhdəlikləri üzərinə götürmüşdür. Borc münasibətləri faktiki olaraq iddiaçının həyat yoldaşı ilə cavabdeh arasında mövcud olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının həyat yoldaşından 12500 ABŞ dolları və 5000 manat pul götürülmüş, pandemiya dövründə həmin məbləğə 2500 ABŞ dolları faiz hesablanmışdır. Borcun qaytarılması barədə onlarda hər hansı yazılı sübut yoxdur. Lakin cavabdeh tərəfindən iddiaçının həyat yoldaşına olan borc ödənilmişdir. Həmçinin bildirir ki, mülki qanunvericiliyin müvafiq normasına əsasən borc məbləği 3000 manatdan artıq olduğu halda borc müqaviləsi tərəflər arasında yazılı qaydada bağlanmalıdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, o, Cavabdeh, 15 ildən çoxdur, tanıyır. Onunla Cavabdeh 2016-cı ildə ortaq olmuş və onların ticarət məkanı Binə Ticarət Mərkəzində olmuşdur. O, İddiaçı mərhum həyat yoldaşı Hüseyn Abdullayev ilə 2017-ci ildən tanış olmuşdur. X5 15000 ABŞ dolları və 5000 manat pul götürmüş, ortaq olduqları üçün şərikli olaraq həmin pulu biznes işinə qoymuşdurlar. Hüseyn Abdullayevə olan borca görə o da Hüseyn Abdullayevə pul ödəmişdir. O, Nərimanov rayonunda Hüseyn Abdullayev ilə görüşüb ona 300 ABŞ dolları və 100 manat məbləğində pul ödəmişdir. Hüseyn Abdullayevə borca görə pulu cavabdeh ilə yanaşı o da aparmışdır. Hüseyn Abdullayev 2023-cü ildə vəfat etmişdir. O, hər ayın 16-sı Hüseyn Abdullayevə 300 ABŞ dolları və 100 manat pul vermişdir. Hüseyn Abdullayev vəfat etdikdən sonra Cavabdeh ona bildirmişdir ki, Hüseyn Abdullayevin həyat yoldaşının kartına 300 ABŞ dolları və 100 manat məbləğində pulu köçürəcəkdirlər. Onlara borca verilmiş 15000 ABŞ dolları və 5000 manat pula faiz hesablanmış, lakin faiz məbləği iddiaçıya geri qaytarılmış, sadəcə əsas borc məbləği qalmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ- ЖГ № 419878 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 17 mart 2001-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 163 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 369107 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 2V-169 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçı miras əmlakdan - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə X4 verilmiş 30/18815 qeydə alma nömrəsi ilə 82 inv. nömrəli kitabın 12431ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 34,1 kv.m olan 2 otaqlı mənzildən tam hissədə pay almalı olduğu təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı mərhum həyat yoldaşı X2 vaxtilə Cavabdeh 15000 ABŞ dolları və 5000 manat məbləğində borc verməsi faktı iddiaçının və onun vəkili-nümayəndəsinin məhkəmədə verdiyi izahatı ilə yanaşı, iş materiallarını təşkil edən sənədlərlə, o cümlədən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan audioyazılar ilə tam təsdiq olunur. Belə ki, Cavabdeh biznes ilə məşğul olmaq məqsədi ilə 2017-ci ildə iddiaçının həyat yoldaşı Hüseyn Abdullayevdən 15000 ABŞ dolları və 5000 manat məbləğində borc almış və borc məbləğini hər ay 300 ABŞ dolları və 100 manat məbləğində olmaqla hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüş, Hüseyn Abdullayev vəfat etdikdən sonra isə borc üzrə Hüseyn Abdullayevin vərəsəsi olan İddiaçı ödəniş etməyə başlamışdır. Cavabdeh borcuna görə 2025-ci ilin aprel ayına qədər ödəniş etmiş, lakin daha sonra ödəməli olduğu qalan 9000 ABŞ dolları və 3000 manat məbləğində pulu iddiaçıya geri qaytarmamışdır. Həmçinin Cavabdeh iddiaçı tərəfindən diskə köçürülərək iş materiallarına əlavə edilmiş onunla iddiaçı arasında olan səs yazısının bir sübut kimi mötəbərliyini mübahisələndirməmiş, əksinə məhkəmə iclasında sözügedən səs yazısında səsləndirilmiş ifadələrin onun tərəfindən işlədilməsi faktını etiraf etmiş və borcun qaytarılması ilə bağlı məhkəməyə özünün və vəkilinümayəndəsinin izahatından, həmçinin şahid ifadəsindən başqa hər hansı bir mötəbər sübut təqdim etmədiyindən həmin izahatın və ifadənin güvənliyi digər sübutlarla yanaşı qiymətləndirilməsi mümkün olmadığından məhkəmə, cavabdehin və onun vəkili-nümayəndəsinin izahatları, həmçinin şahidin ifadəsinə tənqidi yanaşmışdır. Bundan əlavə cavabdehin vəkili-nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə istinad etməklə borc məbləği üç min manatdan çox olduğundan tərəflər arasında borc müqaviləsinin şifahi formada deyil, yazılı formada bağlanmalı olduğunu bildirmişdir. Qeyd edilən xüsusat ilə bağlı məhkəmə, cavabdeh tərəfin istinad etdiyi və yuxarıda qeyd edilən yeni redaksiyada verilmiş normaya 2016-cı ildə dəyişiklik edildiyini və iddiaçının mərhum həyat yoldaşı ilə cavabdeh arasında olan mülki münasibətlərin 2017-ci ildən yarandığını nəzərə alaraq hesab edir ki, 3000 manata qədər olan məbləğlə bağlı tərəflər arasında olan mülki hüquq münasibətləri Mülki Məcəlləsinin 739.1-ci maddəsinə uyğun həll edilməli,3000 manatdan yuxarı məbləğə Cavabdeh heç bir müqavilə bağlamadan və heç bir hüquqi əsas olmadan iddiaçının mərhum həyat yoldaşı X2 hesabına əsassız varlandığından tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilməlidir və iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh iddiaçının mərhum həyat yoldaşı X4 9000 ABŞ dolları və 3000 manat məbləğində borcu olması faktı iş materiallarını təşkil edən sənədlər ilə öz təsdiqini tapdığından və İddiaçı mərhum həyat yoldaşı X2 vərəsəsi kimi tanındığından Cavabdeh 9000 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və 3000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş məbləği ödəməyə maddi cəhətdən imkanının olması barədə sübutlar müəyyən edilmədiyindən iddia tələbi hüquqi yardıma görə 2000 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməli, İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 2000 manat məbləğində xərcin 300 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 181 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9000 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və 3000 manat məbləğində pul vəsaiti, 181 manat dövlət rüsumu və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat xərc tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4288/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4288/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver