Məhkəmə qərarları › İş №e-2(012)-4291/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4291/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4291/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Sədrəddin qızından və Cavabdeh1 38800 manat məbləğində borcun və onun tərəfindən məhkəməyə ödənilmiş 206,4 manat məbləğində rüsumunun, hüquqi yardım üçün ödənilmiş 130 manat xidmət haqqının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, uzun müddətdir ki, qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Bir müddət ev tikmək üçün imkanları olmadığından o, qızılları qonşuya verib əvəzinə pul götürmüşdür. 2022-ci ilin dekabr ayında, yəni Xırdalan şəhərində yaşadığı dövrdə tanışı Məsumə vasitəsilə Cavabdeh2 Sədrəddin qızı və onun anası olan digər Cavabdeh1 ilə tanış olmuşdur. Həmin vaxt Cavabdeh2 Sədrəddin qızı onunla razılaşaraq qızıl-zinət əşyalarını nisyə, hissə-hissə ödəmək şərti ilə almağa başlamışdır. 09 noyabr 2023-cü il tarixdə əlyazma vərəqində Cavabdeh2 öz əli ilə belə yazıb imzalamışdır: “Mən, Cavabdeh2, köhnə borclar 28200 manat, təzə aldığım borclarım 19100 manat, hamısını anamla alıb satmışam... Həftənin ikinci günü min beş yüz, hər ay ödəyəcəyəm... Mən Nəhayət...”. Yazı xx.xx.2023-cü il tarixdə imzalanmış və sonunda “20 verəcəyəm bu ay” ifadəsi ilə bitmişdir. O, müxtəlif vaxtlarda cavabdehə müxtəlif növ qızıl-zinət əşyaları təqdim etmiş, bu malların bir hissəsi ilkin ödəniş ilə, qalanı isə aylıq kredit əsasında ödənilməli olmuşdur. Razılaşmaya görə Cavabdeh2 qızılların bir qismini özü istifadə etmiş, digər qismini isə üçüncü şəxslərə kreditlə və ya hissə-hissə sataraq əldə etdiyi ödənişləri ona yönləndirməli olmuşdur. Bu münasibətlər qarşılıqlı etimada əsaslanan əməkdaşlıq formasında aparılmışdır. Başlanğıc mərhələdə müəyyən ödənişlər edilmiş, lakin daha sonra cavabdeh müxtəlif bəhanələrlə ödənişləri dayandırmış və onun təkrar müraciətlərinə baxmayaraq qalan borc ödənilməmişdir. Ümumi satılmış malların dəyəri təxminən 63800 manat olmuş, bunun yalnız təqribən 25000 manatı ödənilmiş, 38800 manat isə bu günədək ödənilməmiş qalmışdır. O, borcun qaytarılması tələbi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin aparılmış təhqiqat mübahisənin mülki hüquqi xarakter daşıdığını göstərdiyindən cinayət işi başlanmamışdır. İstintaq və prokurorluq orqanlarının qərarlarında da münasibətlərin mülki xarakterli olduğu vurğulanmış və mübahisənin məhkəmədə mülki qaydada həll edilməsi tövsiyə edilmişdir. Cavabdeh öz izahatlarında ondan kredit əsasında qızıl aldığı faktını təsdiqləmiş, lakin guya bütün məbləği ödədiyini bildirmişdir. Bu iddia hər hansı yazılı və ya maliyyə sübutu ilə təsdiq olunmamışdır. O, cavabdehə qızıllarını 150 manatdan satmağa başlamış, cavabdeh də hər dəfə qızıllara görə 50 manat olmaqla ödəniş etmişdir. Cavabdeh ilk vaxtlar ona verilmiş qızıl-ziynət əşyalarının hər birinə görə təxminən 150-300 manat pul ödəmişdir. Daha sonra cavabdeh yenə bir müddət ondan qızılziynət əşyalarını istəmiş, o da qızıllarını vermişdir. Sonuncu dəfə özünə məxsus qızıl-ziynət əşyasını, yəni 70 qramlıq sepi 2023-cü ildə cavabdehə vermiş, həmin qızıla görə ona 1000 manat pul ödənilmişdir. Cavabdehin ona borcu olmuş, lakin ona az miqdarda da olsa ödəniş etmişdir. Cavabdeh2 Sədrəddin qızı 09 noyabr 2023-cü ildə ona möhlət verilməsini xahiş etmiş, o da cavabdehin xahişini nəzərə almışdır. Buna baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamış, o da cavabdehə borcunun olduğunu etiraf etməsinə dair qəbz imzalatmışdır. Qəbzi imzaladıqdan sonra Cavabdeh2 Sədrəddin qızı ona 8500 manat dəyərində qızıllarını qaytarmışdır. Cavabdehlərin qızıl-ziynət əşyalarını qaytaracaqlarını bildirdiklərini təsdiq edən səs yazıları da mövcuddur. O, qızılları şəxsən Cavabdeh2 vermiş, lakin həmin vaxt Cavabdeh2 anası olan digər Cavabdeh1 da orada olmuşdur. Cavabdeh2 onun yanına həmişə anası Cavabdeh1 ilə gəlmiş, hətta Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da ona olan borcun ödənilməsi üçün onlara möhlət verilməsini xahiş etmişdir. Cavabdeh1 borc ilə bağlı sənəd yazıldığı zaman iştirak etsə də həmin sənədi qızı Cavabdeh2 imzalamışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı tərəfindən qeyd edilən qəbz, həqiqətən də onun tərəfindən yazılmışdır və qəbzdəki imza ona məxsusdur. O, qonşunun tanışlığı ilə iddiaçıdan əvvəlcə qolbaq alıb onun pulunu ödəmiş, daha sonra digər qızılları götürmüşdür. Əslində qızıl-ziynət əşyaları lombard qızıllarından olmuşdur. O, aldığı bütün qızılların pulunu vermişdir və bunu təsdiq edən qəbzlər də vardır. Qəbzlər ilə o, iddiaçıya cəmi 10200 manat pul ödəmişdir. 2023-cü ilin mart ayından sonrakı dövrlərdə ödəniş edilməsinə dair qəbzlər ilə yanaşı video yazılar və şahidlər vardır. Onun iddiaçıya cəmi 1920 manat borcu vardır. İddiaçının qeyd etdiyi kimi ona bir dəfə 70 qramlıq sep, daha sonra 5 qramlıq, 10 qramlıq və 4 qramlıq qızıl-ziynət əşyaları verilmiş, o da həmin qızılların pulunu hissə-hissə olmaqla iddiaçıya qaytarmışdır. Hesab edir ki, iddiaçı tərəfindən ondan tələb olunan borc məbləği həddən artıq çoxdur. O, qızılların dəyərinə görə həm iddiaçının kartına pul göndərmiş, həm də iddiaçıya əlbəəl pul vermişdir. O, hətta qızıllara görə iddiaçının anasına belə pul ödəmiş, lakin bununla bağlı onun sübutu yoxdur. O, hər dəfə qızıla görə iddiaçıya pul ödəmiş, bu səbəbdən də iddiaçı ona növbəti dəfə qızıl vermişdir. O, öz yaxınları ilə birlikdə iddiaçının evinə gedərək, ona verdiyi qızılları və pulları qaytarmışdır. O, iddiaçıya ödədiyi pulların tələb edilən məbləğdən çıxılmasını istəyir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qızılları onun qızı olan Cavabdeh2 vermişdir. İddiaçı Cavabdeh2 qızıl-ziynət əşyaları verdiyi zaman o da həmin yerdə, Cavabdeh2 yanında olmuşdur. 2023-cü ilin noyabr ayından sonra qızına verilmiş 8000 manat dəyərində olan qalan qızılları da iddiaçıya aparıb qaytarmışdırlar. İddiaçı onun qızına əlyazma ilə sənəd yazdırdıqdan və imzalatdırdıqdan sonra onlarırdan polisə şikayət etmişdir. Bildirir ki, onlardan tələb edilən məbləğ iddiaçıya geri qaytarılmışdır. Hesab edir ki, iddiaçı tərəfindən onlara qarşı haqsızlıq edilmişdir. Buna görə də o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh2 tərəfindən əlyazma ilə yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 aldığı 28200 manat məbləğində köhnə borc və 19100 manat məbləğində təzə borcunun hamısını anası ilə alıb-satdığını bildirmiş, borcuna görə həftənin ikinci günü 1500 manat olmaqla hər ay ödəniş edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 18 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10, mənzil 42-də yaşayan İddiaçı Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, 38800 manat pulunun Cavabdeh2 Sədrəddin qızı tərəfindən ələ keçirilməsi barədə məlumat vermiş, müraciət əsasında Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı İlyas Qurbanov tərəfindən təhqiqat aparılmış, material araşdırma aparılması üçün Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Materialın icrası baş müstəntiq, polis mayoru Eldəniz Əsgərova tapşırıldığından tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Material Abşeron rayon prokurorluğunda öyrənilmiş, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Abşeron RPİ-nin İŞ-nə göndərilmiş, xx.xx.2024-cü il tarixdə materialın icrası baş müstəntiq Rövşən Cavadova tapşırıldığından tərəfindən əlavə araşdırma aparılmışdır. xx.xx.2024cü il tarixli qərarla baş müstəntiq Rövşən Cavadov tərəfindən Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Abşeron RPİ-nin İŞ-nə göndərilmiş, xx.xx.2025-ci il tarixdə əlavə araşdırma aparılmış, lakin toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sözügedən qərardan göründüyü kimi Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı, təxminən 2 il olar ki, qonşu kimi tanıyır. Rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı ilə söhbətlərinin birində Sevinc Quliyeva qızıl-zinyət əşyalarının satışı ilə məşğul olmasını bildirmiş, həmçinin tanıdığı Məsmə adlı şəxsdə bu işlə məşğul olmasını ona bildirmişdir. Bundan sonra o, ondan nisyə yolu ilə təxminən 3000 manat məbləğində qızıl alıb özü istifadə etmişdir. O, həmin qızıl-zinət əşyalarının pullarını tam ödəyib qurtardıqdan sonra ona yenə də nisyə yolu ilə qızıl almağı təklif etmişdir. Onun təklifinə əsasən 2021-ci ilin sentyabr ayından 2022-ci ilin may ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla İddiaçı təxminən 47000 manat məbləğində qızıl-zinyət əşyaları nisyə yolu ilə almışdır, onların bir qismini özü istifadə etmir, digərlərini biraz baha qiymətə satmışdır. O, ondan aldığı bütün qızıl-zinyət əşyalarının pullarını tam ödəmiş, hal-hazırda ona heç bir borcu qalmamışdır, lakin Sevinc Quliyeva bir qramını 100 manat hesablayıb ona satdığı halda hazırda 1 qramını 200 manat olmasını iddia edib ondan əlavə pullar tələb edir. Həmin qızıl-zinyət əşyalarının çox hissəsini o, özü istifadə etmiş, digər hissələrini müəyyən şəxslərə satsa da onların pulunun hamısını ödəmişdir. Sevinc ilə onun arasında qızıl-ziynət əşyalarının alqı-satqısı olmuş, o, onu aldatmamış və qızılları ələ keçirməmişdir. Onun Sevincə heç bir məbləğdə verəcəyi yoxdur. O, ondan əsassız olaraq artıq pul və qızıl tələb edir. Onların arasında olan məsələ biznes, yəni ticarətlə bağlı olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ona məxsus 47300 manat dəyərində qızıl-ziynət əşyalarını dəyərini hissə-hissə ödəmək şərti ilə Cavabdeh2 verməsi faktı iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan Cavabdeh2 tərəfindən əlyazma ilə yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli qəbz ilə yanaşı Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və məhkəmə iclasında Cavabdeh2 verdiyi izahat ilə tam təsdiq olunur. Belə ki, İddiaçı qızıl-ziynət əşyalarının satışı ilə məşğul olmuş, Cavabdeh2 iddiaçı ilə razılığa gələrək, dəyəri 47300 manat olan qızıl-ziynət əşyalarını almış, bunun müqabilində iddiaçıya hissə-hissə olmaqla ödəniş etməyi öhdəsinə götürmüş, bununla bağlı öz əlyazması ilə xx.xx.2023-cü il tarixli qəbz yazmış və imzalamışdır. Daha sonra cavabdeh iddiaçıya qızıllara görə ödəməli olduğu 47300 manat məbləğində pulu ödəməmiş, lakin ona verilmiş 8500 manat dəyərində qızıl-ziynət əşyasını iddiaçıya qaytarmışdır. Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı, təxminən 2 il olar ki, qonşu kimi tanıyır. Rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı ilə söhbətlərinin birində Sevinc Quliyeva qızıl-zinyət əşyalarının satışı ilə məşğul olmasını bildirmiş, həmçinin tanıdığı Məsmə adlı şəxsdə bu işlə məşğul olmasını ona bildirmişdir. Bundan sonra o, ondan nisyə yolu ilə təxminən 3000 manat məbləğində qızıl alıb özü istifadə etmişdir. O, həmin qızıl-zinət əşyalarının pullarını tam ödəyib qurtardıqdan sonra ona yenə də nisyə yolu ilə qızıl almağı təklif etmişdir. Onun təklifinə əsasən 2021-ci ilin sentyabr ayından 2022-ci ilin may ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla İddiaçı təxminən 47000 manat məbləğində qızıl-zinyət əşyaları nisyə yolu ilə almışdır, onların bir qismini özü istifadə etmir, digərlərini biraz baha qiymətə satmışdır. O, ondan aldığı bütün qızıl-zinyət əşyalarının pullarını tam ödəmiş, hal-hazırda ona heç bir borcu qalmamışdır, lakin Sevinc Quliyeva bir qramını 100 manat hesablayıb ona satdığı halda hazırda 1 qramını 200 manat olmasını iddia edib ondan əlavə pullar tələb edir. Həmin qızıl-zinyət əşyalarının çox hissəsini o, özü istifadə etmiş, digər hissələrini müəyyən şəxslərə satsa da onların pulunun hamısını ödəmişdir. Sevinc ilə onun arasında qızıl-ziynət əşyalarının alqı-satqısı olmuş, o, onu aldatmamış və qızılları ələ keçirməmişdir. Onun Sevincə heç bir məbləğdə verəcəyi yoxdur. O, ondan əsassız olaraq artıq pul və qızıl tələb edir. Onların arasında olan məsələ biznes, yəni ticarətlə bağlı olmuşdur. Həmçinin Cavabdeh2 əlyazması ilə yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli qəbzin mötəbərliyini mübahisələndirməmiş, əksinə məhkəmə iclasında sözügedən qəbzin onun tərəfindən yazılması və imzalanması faktını etiraf etmiş və həmin tarixdən sonra qızılların dəyərinin qaytarılması ilə bağlı məhkəməyə özünün və anasının izahatından başqa hər hansı bir mötəbər sübut təqdim etmədiyindən həmin izahatın güvənliyi digər sübutlarla yanaşı qiymətləndirtilməsi mümkün olmadığından,məhkəmə Cavabdeh2 və Cavabdeh1 izahatlarına tənqidi yanaşmışdır. Bundan başqa diskə köçürülərək iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh2 arasında olan səs yazısı məhkəmədə tərəflərin iştirakı ilə nümayiş etdirilərkən xx.xx.2023-cü il tarixli qəbzin mötəbərliyini bir daha təstiqini tapmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilməlidir və iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh2 İddiaçı 38800 manat məbləğində borcu olması faktı iş materiallarını təşkil edən sənədlər ilə öz təsdiqini tapdığından Cavabdeh2 38800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı pul tələbi ilə bağlı Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da cavabdeh kimi göstərsə də məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təsdiq edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. İddia tələbinin hüquqi yardım üçün ödənilmiş 130 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 130 manat xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 206,4 manat da Cavabdeh2 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 qızıllara görə ödənilməmiş 38800 manat, 206,4 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 130 manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar