Məhkəmə qərarları › İş №e-2(012)-4340/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4340/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4340/2025 06.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında faktiki qeydiyyatda olan və Şəki rayonu, İnçə kəndində yaşayan Cavabdeh 3500 manat pul və 1000 manat mənəvi zərər olmaqla, cəmi 4500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Şəki rayonu, İnçə kəndində bacısı X1 məxsus və onun sahibliyində olmuş sənədsiz mağazanı işlətmişdir. Bacısı həmin mağazanı sənədləşdirib satmağı ona tapşırmış, həmin mağazada elektronika malları, pal-paltar, ərzaq məhsulları olmuşdur. 2015-ci ilin mart-aprel aylarında devalvasiya olmuş və eyni zamanda oğlu xəstələnmiş, o vaxtlar Şəki rayonu, İnçə kəndində yaşamış Cavabdeh isə həmin mağazanı ona satmağı təklif etmişdir. O, mağazanın açarlarını 2019-cu ilin yanvar ayında cavabdehə təhvil vermiş, bununla bağlı aralarında xx.xx.2019-cu il tarixdə dəymiş zərərin ödənilməsi haqqında müqavilə tərtib olunaraq bələdiyyə tərəfindən təsdiq olunmuşdur. Müqavilə razılaşmasına görə mağazanın dəyəri 13000 manat, içindəki malların dəyəri 2000 manat müəyyən olunmuşdur. Alıcı olan cavabdeh ilkin ödəniş olaraq 2000 manat ödəmişdir. O, cavabdehə bacısı ilə razılaşıb və mağazanı sənədləşdirib satacaqlarını bildirmişdir. Onlar alqı-satqı üçün 13000 manata razılaşmış, mağazadakı mallar ona məxsus olduğundan malların dəyəri 2000 manat olaraq müəyyən olunmuşdur. O, cavabdehdən beh olaraq 2000 manat pul almışdır. Mağaza təhvil verildikdən sonra Cavabdeh 2019-cu ildən 2020-ci ilin axırınadək mağazadan oyun zalı kimi istifadə edərək qazanc əldə etmişdir. Bu müddət ərzində cavabdeh, bir manat da olsun, mağazadan istifadə haqqını ödəməmişdir. Mağazanın yerləşdiyi torpaq sahəsi ilə bağlı İnçə kəndi və onunla qonşu olan ərazidə yerləşən bələdiyyə arasında mübahisə olduğundan mağazanı sənədləşdirə bilməmişdirlər. Bu müddət ərzində onların razılığı olmadan mağazada olan 10 x 7 ölçüdə etajerka, 4 ədəd 2 x 4 ölçüdə mağazadakı ortacıqları, uzunluğu 20 m, hündürlüyü isə 2 m olan etajerkaları və köhnə Minsk soyuducusunu satmışdır. Alqı-satqı üçün sənədlər hazırlaya bilmədiklərinə görə cavabdeh onun xəstə olmasından istifadə etmişdir. Belə ki, həmin vaxt o, depressiyada olmuş və Bakı şəhərində müxtəlif həkimlərdən müalicə almışdır. Onun bu ağır vəziyyətindən istifadə edərək cavabdeh onu polisə və məhkəməyə şikayət etməklə hədələmiş, ondan hədə-qorxu ilə 3500 manat pul almışdır. O, indi tam sağalmışdır və ağır vəziyyətindən istifadə edərək hədə-qorxu ilə və qeyriqanuni yolla ondan alınmış 3500 manat pulu cavabdehdən tələb edir. Daha sonra mağazanın altında olan torpaq sahəsinin satılmalı olduğu və bu torpaq sahəsinin mübahisəli olduğu ona məlum olmuş, cavabdeh isə mağazanı işlətməyə başlamışdır. O, 2019-cu ilin dekabr ayına kimi torpaq sahəsini özəlləşdirə bilməmiş, məhz bu səbəbdən cavabdeh 3500 manat məbləğində pulu şantaj yolu ilə ondan almışdır. O, cavabdehə 3500 manat pul verilməsi ilə bağlı sənəd vermişdir. O, cavabdeh ilə aralarında razılaşmaya əsasən 1 ay müddətinə mağazanı sənədləşdirməli idi. Bununla bağlı o, Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, sözügedən komitə tərəfindən ona mağazanı deyil, torpaq sahəsini sənədləşdirməli olduğu bildirilmişdir. Lakin torpaq sahəsi mübahisəli olduğu üçün həmin torpaq sahəsini sənədləşdirə bilməmişdir. Cavabdeh isə həmin mağazaya billiard stolu və pivə cihazı kimi əşyalar gətirərək 8 ay ərzində oranı işlətmişdir. O, 2019-cu ilin sentyabr-oktyabr aylarında mağazanı ona qaytarması üçün cavabdehə 3500 manat ödəmişdir. Qeyd edir ki, cavabdeh 2019-cu ilin dekabr ayında mağazanı ona təhvil vermiş, mağazanın qapısını açdıqda onlara məxsus avadanlıqların orada olmadığını görmüşdür. Eşitdiyinə görə cavabdeh mağazadakı avadanlıqları satmış və mağazada yalnız soyuducu, vitrin və şkaf qalmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onunla İddiaçı mağazanın dəyəri kimi 13000 manat müəyyənləşdirmiş, mağazanın içindəki mallar isə 2000 manat dəyərində olmuşdur. O, qarşı tərəfə əlbəəl 2000 manat məbləğində pulu beh olaraq vermişdir. Qalan pulu isə sənədləşdirmədən sonra verəcəkdi. Lakin iddiaçı mağazanı sənədləşdirə bilməmişdir. O, həmin mağazada təmir işləri görmüş və bunun üçün 7200 manat xərc çəkmişdir. Qeyd edir ki, o, obyekti cəmi 6 ay müddətinə işlətmişdir. O, iddiaçıdan 4500 manat pul ödəməsini tələb etmişdir, çünki qarşı tərəfdən çəkdiyi xərclərin əvəzini istəmişdir. İddiaçıdan 2019-cu ilin sentyabr ayında 3500 manat pul almışdır. Qarşı tərəfdən tələb etdiyi 4500 manat puldan 1500 manatını almış, 2000 manatı isə onun verdiyi behə görə çıxmışdırlar. O, mağazanı təhvil aldıqda mağazada mallar və köhnə avadanlıqlar olmuşdur. O, obyektə görə 5400 manat xərc çəkmiş, həmin puldan 3500 manat hissəsini iddiaçıdan almışdır. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 391-ci, 438-ci, 439-cu, 440-cı, 442-ci, 443-cü, 448-ci və 449-cu maddələrinə istinad edərək ünvan 1 ünvanında faktiki qeydiyyatda olan və Şəki rayonu, İnçə kəndində yaşayan Cavabdeh 3500 manat pul və 1000 manat mənəvi zərər olmaqla, cəmi 4500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. İddiaçı tərəf Cavabdeh ondan hədə-qorxu ilə 3500 manat məbləğində pul aldığını bildirsə də qeyd edilən halları sübut edə bilməmiş, həmçinin mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh tərəfindən ona 3500 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Məhkəmə hesab edi ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil etsədə, iddiaçının öz tələbinin qanuni əsası kimi istinad etdiyi hallar həmin maddələrin dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanUnivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında faktiki qeydiyyatda olan və Şəki rayonu, İnçə kəndində yaşayan Cavabdeh 3500 manat pul və 1000 manat mənəvi zərər olmaqla, cəmi 4500 manat pulun alınıb ona verilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar