Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-445/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2970,03 manat əsas, 81,66 manat faiz, 15,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 184,50 manat faiz borcu olmaqla, cəmi 3251,65 manat borc və iş üzrə ödənilmiş 52,52 manat dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 22,5 faiz dərəcəsi ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixli, 70025483/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 3177,04 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı konvertasiya edilməklə (1 (bir) USD=1,4 (bir manat 40 qəpik) AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 4447,86 manat təşkil edir. Restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi bağlanılır. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2970,03 manat məbləği 36 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixində **********769 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə 2970,03 manat əsas, 81,66 manat faiz, 15,46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 184,50 manat faiz borcu olmaqla, cəmi borcu 3251,65 manat təşkil edir. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, vaxtilə Sumqayıt şəhərində telefon mağazası işlətdiyi zaman o, ləğv prosesində olan İddiaçı ASC-dən başqa adam üçün kredit götürmüş, həmin adama ödəniş etməli olduğunu bildirmiş, lakin daha sonra o şəxsi tapa bilməmişdir. Kredit borcuna görə o, bir müddət ödəniş etmiş, lakin qalan məbləği ödəmək istərkən müflis olmuş və borcu ödəyə bilməmişdir. Onun rəsmi iş yeri yoxdur və borc məbləğini hissə-hissə ödəyə bilər. Qeyd edir ki, iş materiallarında olan əlavə sazişləri zaminlər imzalamışdır və zaminlərin hazırki mülki iş ilə bağlı məlumatları vardır. Zənn edirdi ki, borc məbləği üzrə həmin pulu verdiyi şəxs ödəniş edir. Amma sonradan ona məlum olmuşdur ki, əslində həmin şəxs borca görə iddiaçı təşkilata ödəniş etməmişdir. Odur ki, qeyd edilənlər əsasında o, borc məbləğinin hissə-hissə ödənilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 22,5 faiz dərəcəsi ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 70025483/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borcalan), Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Cavabdeh2 və Cavabdeh3 (zaminlər) xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi üzrə bankdan kredit götürmüş Cavabdeh1 (borcalan) tərəfindən İddiaçı ASC (kreditor) qarşısında öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi üzrə 1 nömrəli Əlavə Sazişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısındakı 3177,04 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığının konvertasiya edilməklə (1 (bir) USD=1,4 (bir manat 40 qəpik) AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 4447,86 manat təşkil etməsi, restrukturizasiya edilmiş kredit müddətinin bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılması və illik 20 faiz ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 70025483 saylı zaminlik müqaviləsi üzrə 1 nömrəli Əlavə Sazişdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 (zaminlər) bu Əlavə Sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli, 1 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2970,03 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür, restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanmış və borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, LM121900799 saylı zaminlik müqavilələrindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 (borclu), Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə görə LPO İddiaçı ASC ilə Cavabdeh1 (borclu) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 36 ay müddətinə verilmiş 2970,03 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 (zaminlər) Cavabdeh1 (borclunun) öhdəliklərinin yerinə yetirilməsinə görə LPO İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 14 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə 12 mart 2024-cü il tarixinə 2970,03 manat əsas, 15,46 manat cərimə, 81,66 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 184,50 manat faiz borcu olmaqla, cəmi 3251,65 manat borcu vardır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 477.0.4-cü və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Saziş və xx.xx.2019-cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Saziş və xx.xx.2019-cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsi üzrə cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, 70025483 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Saziş və xx.xx.2019cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsi üzrə 184,50 manat məbləğində borc tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900799 nömrəli restrukturizasiya müqaviləsi 36 ay müddətinə bağlanmış və həmin kredit müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. LPO İddiaçı ASC ilə borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900799 saylı zaminlik müqavilələrində isə zaminlik müqavilələrinin 36 ay müddətinə qədər qüvvədə olması konkret olaraq göstərilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, Cavabdeh1 (borclu) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öz öhdəliklərinin icrasını tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 52,52 manat da Cavabdeh1 alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2970,03 manat əsas borc, 81,66 manat faiz borcu, 15,46 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 184,50 manat faiz borcu olmaqla, cəmi 3251,65 manat məbləğində borc və iş üzrə ödənilmiş 52,52 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-445/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-445/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver