Məhkəmə qərarları › İş №e-2(012)-4476/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4476/2025

24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4476/2025 24.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunu katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi olan 236,18 manat məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 266,18 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi “Kamaz 5511” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ARDNŞ “Azəriqaz” İB-yə məxsus qaz xəttinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Kamaz 5511” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi zərərçəkənə 236,18 manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS240744 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 236,18 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı təşkilat iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə təyin olunmuş baxış iclasının onların iştirakı olmadan keçirilib iş üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilən “Kamaz 5511” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, 2023-cü ildə baş vermiş sözügedən yol-nəqliyyat hadisəsinə görə 100 manat cərimə olunmuş və qeyd edilən məbləğdə cəriməni ödəmişdir. Lakin həmin qəzadan 2 il keçdikdən sonra iddiaçı şirkət onu məhkəməyə vermişdir. Hesab edir ki, iddiaçı tərəfindən ondan tələb edilən məbləğ şişirdirilmişdir. Buna baxmayaraq o, iddianı qəbul edir. İş materiallarında olan Abşeron DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat hadisəsi yerindən yayınması və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan İAS240744 saylı sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00-da Abşeron rayonu, S.Quliyev küçəsində Cavabdeh idarə etdiyi “Kamaz 5511” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ARDNŞ “Azəriqaz” İB-yə məxsus qaz xəttinə zərər vurmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 236,18 manat müəyyən edilmiş, zərərlə bağlı "xxxx" ASC tərəfindən ARDNŞ “Azəriqaz” İB-yə 236,18 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və sözügedən aktda "xxxx" ASC-nin zərərin məbləği olaraq 236,18 manatı Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququnun olması qeyd edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 936.1-ci, 936.2-ci, 936.3-cü, 936.5-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci, 1114.1-ci maddələri və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.6-cı maddəsi təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən olunmuş faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, S.Quliyev küçəsində “Kamaz 5511” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ARDNŞ “Azəriqaz” İB-yə məxsus qaz xəttinə maddi zərər dəymişdir. Abşeron DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İAS240744 saylı sığorta ödənişi aktından görünür ki, ARDNŞ “Azəriqaz” İB-yə məxsus qaz xəttinə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən ARDNŞ “Azəriqaz” İB-yə 236,18 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və sözügedən aktda "xxxx" ASC-nin zərərin məbləği olaraq 236,18 manatı Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququnun olması qeyd edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh 236,18 manat məbləğində verilmiş sığorta ödənişi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 236,18 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 266,18 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar