Məhkəmə qərarları › İş №e-2(012)-4483/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4483/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4483/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı krediti müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 335425-1-38483 saylı “borcun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 13043,81 manat məbləğində əsas borc, 537,03 manat məbləğində faiz borcu, 73,27 manat məbləğində cərimə borcu, ümumilikdə isə 13654,11 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 130,96 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 335425-1-38483 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən A.A.Qələmhüseyn borcu kapitallaşdıraraq 13043,81 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 48 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Ə.S.Aslanlı üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 13043,81 manat məbləğində əsas borc, 537,03 manat məbləğində faiz borcu, 73,27 manat məbləğində cərimə borcu, ümumilikdə isə 13654.11 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan” ın vəzifəsidir. Göstərilənlərə və mülki qanunvericiliyin müvafiq maddələrinə əsaslanaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 elektron kabinet vasitəsilə Abşeron rayon Məhkəməsinə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 335425-1-38483 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” ndən görünür ki, Cavabdeh borcu kapitallaşdıraraq 13043.81 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 48 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. -Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2027-ci il tarixinədək, hər ay banka 428.34 manat (sonuncu ay 375.52 manat) ödəməklə qaytarmalıdır. -İşdə olan borca dair arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli 335425-1-38483 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” üzrə borclu Cavabdehnın xx.xx.2024cü il tarixə banka olan 13043.81 manat məbləğində əsas borc, 537.03 manat məbləğində faiz borcu, 73.27 manat məbləğində cərimə borcu, ümumilikdə isə 13654.11 manat təşkil etmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi, xx.xx.2023-cü il tarixli,**********338000 nömrə ilə çıxarış verilmiş, Qurum dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən verilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Ceyranbatan Qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 3, mənzil 7 qeydiyyatdadır. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqlara, poçt qəbzlərinə və pretenziyalara əsasən, cavabdehdən öhdəliklərini icra etməsi tələb olunmuşdur. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu cavabdeh X1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehin iddiaçıya müqavilə üzrə ümumilikdə 13654,11 manat məbləğində borc öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2023-cü il tarixli 335425-1-38483 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” üzrə 13043,81 manat məbləğində əsas borc üzrə hesablanmış 73,27 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 130,96 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halda qiymətləndirib hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, ondan iddiaçının xeyrinə 13043.81 manat məbləğində əsas borc, 537.03 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu, ümumilikdə isə 13621.84 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130.96 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 335425-1- 38483 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən, xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 13043.81 (on üç min qırx üç manat səksən bir qəpik) manat əsas borc, 537.03 (beş yüz otuz yeddi manat üç qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu, ümumilikdə isə 13621.84 manat (on üç min altı yüz iyirmi bir manat səksən dörd qəpik) borc pul vəsaiti və ödənilmiş 130.96 (yüz otuz manat doxsan altı qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar