Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-454/2023 26.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmənin iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.238,38 manat məbləğində əsas borc və 1.193,12 manat faiz borcu olmaqla, cəmi 6.431,50 manat borcun və 84,72 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 23% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh1 arasında 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 30 avqust 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5.238,38 manat məbləğində əsas borcu və 1.193,12 manat faiz borcu olmaqla, ümumilikdə 6.431,50 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.238,38 manat məbləğində əsas borc və 1.193,12 manat faiz borcu olmaqla, cəmi 6.431,50 manat borcun və 84,72 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə 15.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 22 yanvar 2020-ci il tarixli, 105804-77998/2 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 22-i tarixdən gec olmayaraq 22 yanvar 2023-cü il tarixədək banka hissə-hissə ödəməklə qaytarmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 bankdan 15.000 manat məbləğində pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 105804- 775998/2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 22 yanvar 2020-ci il tarixli, 105804- 775998/2 nömrəli krediti müqaviləsi üzrə İddiaçı ASC-yə 30 avqust 2022-ci il tarixinə 5238,38 manat əsas və 1.193,12 manat faiz borcu olmaqla, cəmi 6.431,50 manat məbləğində borcu vardır. 10 noyabr 2021-ci il tarixli, 105/105/0875/2021 nömrəli xəbərdarlıq məktubundan və yol qaimələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşdur. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 5238,38 manat əsas, 1.193,12 manat faiz borcu, cəmi 6.431,50 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2020ci il tarixli, 105804-775998/2 saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” Cavabdeh1 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zamin Cavabdeh1 bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın zamin Cavabdeh1 qarşı hissəsində də iddia tələbi əsaslıdır və o borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsi üzrə 5.238,38 manat məbləğində əsas borc və 1.193,12 manat faiz borcu olmaqla, ümumilikdə 6.431,50 manat tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 05 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 84,32 manat dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı bank tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 84,72 manat pul məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22 yanvar 2020-ci il tarixli, 105804-775998/2 nömrəli kredit müqaviləsi üzrə 5.238,38 (beş min iki yüz otuz səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində əsas borc və 1,193,12 (min yüz doxsan üç manat, on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.431,50 (altı min dörd yüz otuz bir manat, əlli qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,72 (səksən dörd manat, yetmiş iki qəpik) manat tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-454/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-454/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver