Məhkəmə qərarları › İş №e-2(012)-4582/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4582/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4582/2025 14.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abiyev Fərid Nurəddin oğlunun katibliyi, İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MM QBKT-nin xeyrinə 4259 manat əsas, 1314,92 manat faiz, 163,33 manat cərimə olmaqla, cəmi 5737,25 manat borc pul vəsaiti və 77,38 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0704 saylı, kredit müqaviləsinə əsasən borcluya ailə kənd təsərrüfatının yaradılması və genişləndirilməsi həyat səviyyəsinin yaxşlaşdırılması üçün illik 27 % dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 4259 manat, faiz borcu üzrə 1314,92 manat, cərimə borcuna görə 163,33 manat olmaqla cəmi 5737,25 manat təşkil edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, biznes üçün İddiaçı MM QBKT-dən 4750 manat kredit götürmüş, həmin məbləğin 500 manat məbləğini banka qaytarmış, axırıncı dəfə 2024-cü ilin noyabr ayında ödəniş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0704 saylı kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən cavabdehə illik 27 % dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun kredit müqaviləsi üzrə 4259 manat əsas, 1314,92 manat faiz, 163,33 manat cərimə olmaqla cəmi 5737,25 manat borcu vardır. -İş materiallarına əlavə edilmiş poçt qəbzinin surətindən görünür ki, borcalana kredit müqaviləsi üzrə borcun qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MM QBKT adlı qurum xx.xx.2018-ci il tarixdə **********305400 nömrəli çıxarış və VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış, qanuni təmsilçisi Tarrant Timothydir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 4259 manat əsas, 1314,92 manat faiz, 163,33 manat cərimə olmaqla, cəmi 5737,25 manat borcu yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 4259 manat əsas borc üzrə hesablanmış 166,33 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 77,38 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********0704 saylı müqavilə üzrə 4259 manat əsas, 1314,92 manat faiz, 5 manat cərimə olmaqla, cəmi 5578,92 manat borc pul vəsaiti tutularaq İddiaçı MM QBKT-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı MM QBKT-nin xeyrinə 4259 (dörd min iki yüz əlli doqquz) manat əsas, 1314,92 (min üç yüz on dörd manat doxsan iki qəpik) manat faiz, 5 (beş) manat cərimə olmaqla, cəmi 5578,92 (beş min beş yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borc pul vəsaiti və 77,38 (yetmiş yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar