Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4590/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 170 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 dövlət rüsumunun, cəmi 200 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi “Toyota Prado” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Cehrolet Cobalt” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Belə ki, yuxrıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Toyota Prado” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh hadisəni törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 170 manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 170 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Prado minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə sığorta haqqı 125 manat, Bonus-Malus əmsalı 0.95 manat olmaqla, yekun sığorta haqqı 118.75 manat olmaqla "xxxx" ASC-də əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üçün 50000 manat dəyərində sığortalanmışdır. -xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Cavabdeh “Toyota Prado minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hərəkəti törətmiş və İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. -xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, avtomobillə toqquşması nəticəsində “Cehrolet Cobalt” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi zədələnmişdir. -22.L1.2022-ci il tarixli, 317532 saylı Qüsur Aktından müəyyən edilir ki, “Chevrolet Cobalt” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ümumi məbləğ 170 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli, İAS223599 saylı sığorta ödənişi aktından görünür ki, Cavabdeh tərəfindən idarə edilən “Toyota Prado minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevretmə qaydasının pozulması ilə “Chevrolet Cobalt” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 170 manat zərər köçürmə yolu ilə X1 ödənilmiş, Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. -xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 170 manat məbləğində sığorta ödənişləri X1 məxsus AZ59AİİB410100D**********207 saylı hesab nömrəsinə köçürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri ərazisində hərəkət edərkən “Chevrolet Cobalt” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hərəkəti törətmiş və buna görə də barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə "xxxx" ASC tərəfindən ümumilikdə 170 manat məbləğində sığorta ödənişi edilmişdir. “Toyota Prado” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. Müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 170 manat ödəniş həyata keçirilmişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh sığorta ödənişi üçün 170 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASCnin sığorta ödənişinin əvəzi olaraq 170 manat zərər məbləği və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-nin sığorta ödənişinin əvəzi olaraq 170 manat zərər məbləği və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli