Məhkəmə qərarları › İş №e-2(012)-4602/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4602/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4602/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 06Mİ/14 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 8789,87 manat, faiz borcu üzrə 90,34 manat olmaqla, cəmi 8880,21 manat məbləğində borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 110,07 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMCdən əsas borc üzrə 8562,36 manat, faiz borcu üzrə 85,62 manat olmaqla, cəmi 8647,98 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 110,07 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli Vakala borc müqaviləsinə əsasən Cavabdeh3 illik 12 faiz olmaqla, 120 ay müddətinə 34800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə və ona edilən əlavə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Əlavə olaraq, kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il, 03Z/14 nömrəli, "xxxx" MMC ilə bank arasında isə xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 8562,36 manat, faiz borcu üzrə 85,62 manat olmaqla, cəmi 8647,98 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 110,07 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində 6-2-22/2-20347/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, o, xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli Vakala borc müqaviləsinə əsasən yaranmış borcu üzrə açılmış qrafikə əsasən "xxxx" ASC-yə hər ay 500 manat məbləğində ödənişlər etmiş, daha sonra maddi cəhətdən çətinlik çəkdiyindən qrafik üzrə 300 manat və 400 manat ödəmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli Vakala borc müqaviləsinin müddəti bitdikdən sonra "xxxx" ASC ona verilmiş borc məbləğinin tamamilə ödənilməsini tələb etmiş, lakin o, borcunu ödəyə bilməmişdir. Qeyd edir ki, o, bir aydır ki, işdən çıxmışdır, atası olan digər Cavabdeh2 isə pensiya alır, rayonda yaşayır, lakin xəstə olduğundan buraya gələ bilməmişdir. Odur ki, göstərilənlər əsasında o, borcunun qrafik əsasında ödənilməsi üçün "xxxx" ASC tərəfindən ona şərait yaradılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 06Mİ/14 saylı Vakala borc müqaviləsindən və həmin müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh3 ilə "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh3 120 ay müddətinə illik 12 faiz ödəmək şərtilə 34800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il, 03Z/14 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti (kreditor) ilə Cavabdeh3 (borclu) və Cavabdeh2 (zamin) arasında müqavilə bağlanmış və "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti (kreditor) ilə Cavabdeh3 (borclu) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06Mİ/14 saylı Vakala borc müqaviləsinə əsasən 34800 manat məbləğində 120 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 (zamin) Cavabdeh3 (borclunun) öhdəliklərinin yerinə yetirilməsinə görə "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti (kreditor) qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il, 06Mİ/14 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti (kreditor) ilə Cavabdeh3 (borclu) və "xxxx" MMC-nin direktoru P.Əliyev (zamin) arasında müqavilə bağlanmış və "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti (kreditor) ilə Cavabdeh3 (borclu) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06Mİ/14 saylı Vakala borc müqaviləsinə əsasən 34800 manat məbləğində 120 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "xxxx" MMC (zamin) Cavabdeh3 (borclunun) öhdəliklərinin yerinə yetirilməsinə görə "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti (kreditor) qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 06Mİ/14 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 02 noyabr 2024-cü il tarixinə 8562,36 manat əsas borc, 85,62 manat faiz borcu olmaqla, cəmi 8647,98 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 472.2-ci, 472.3-cü və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli Vakala borc müqaviləsi və öhdəliyin icrasını təminatı olaraq xx.xx.2014-cü il, 03Z/14 saylı, həmçinin eyni tarixli, 06Mİ/14 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli Vakala borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 06Mİ/14 nömrəli Vakala borc müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və "xxxx" MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 110,07 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 8562,36 manat əsas borc, 85,62 manat faiz borcu olmaqla cəmi 8647,98 manat, 110,07 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar