Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4610/2025 20.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC-nin əmlakına (avtobusa) dəymiş 1296,72 manat maddi zərər məbləği, 32,97 manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 0,40 manat olmaqla, ümumilikdə, 1330,09 manat məbləğində pul vəsaitinin Cavabdeh1 cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixində **-DL-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte minik” markalı avtomobilin sürücüsü Cavabdeh1 Sabunçu rayonu, Böyük Şor yolu ilə hərəkət edərkən H.Əliyev prospekti ilə hərəkətdə olan, İddiaçı1 MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı, “BMC Procity” markalı avtobusun qabaq sağ hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi barədə cəmiyyətin əməkdaşı tərəfindən DİN-in “102” Çağrı Mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol-nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH baş inspektoru polis kapitanı X2 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh1 əməllərində İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar verilmişdir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri Bakı şəhər X7 İdarəsində tanınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində avtobusun qabaq sağ hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 14 gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 009175 saylı zərər aktına əsasən **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 6296,72 manat maddi zərər dəymişdir. Qeyd etmək istəyirlər ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi **-DL-*** dövlət qeydiyyat nişanlı, “Kia Forte minik” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı1 MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 1296,72 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh ilə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində, saat 15:10-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Kia Forte minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (yolayrıcını keçmə qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 009175 nömrəli zərər aktının surətindən görünür ki, “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələri: ön şüşə – 1 ədəd – 3574,70 manat; Sağ ön bamper – 1 ədəd – 277 manat; Sağ orta yan panel – 1 ədəd – 300 manat; həmçinin avtomobildə görüləcək işlərə görə 1184,50 manat və əlavə dəyər vergisinə görə 960,52 manat olmaqla avtomobilə cəmi 6296,72 manat maddi zərər dəymişdir. İş materiallarında olan ASC “Xalq” Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2809 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı1 MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 manatı "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, işin bütün materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci, 1108.3-cü və 1115-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində Sabunçu rayonu, Böyük Şor yolu ərazisində “Kia Forte minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən İddiaçı1 MMC-yə məxsus “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sağ hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa maddi zərər dəymişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (yolayrıcını keçmə qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 009175 nömrəli zərər aktında göstərilmişdir ki, İddiaçı1 MMC-nin balansında olan “BMC Procity” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vurulmuş maddi zərər 6296,72 manat təşkil edir. İş materiallarında olan ASC “Xalq” Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2809 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı1 MMC-nin balansında olan sözügedən avtobusa vurulmuş zərərdən 5000 manatı "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 qalan 1296,72 manat pul vəsaiti tutularaq İddiaçı1 MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkət tərəfindən ödənilmiş 32,97 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 1296,72 manat maddi zərər məbləği, 32,97 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 1330,09 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4610/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4610/2025
20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver