Məhkəmə qərarları › İş №e-2(012)-4650/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4650/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4650/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində pulun və iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə 2017-ci ildən etibarən münasibətləri yaranmış, söhbətləri zamanı cavabdeh daşınmaz əmlak məsələləri ilə məşğul olduğunu, lazım gələrsə daşınmaz əmlaka çıxarış almaq imkanına malik olduğunu dəfələrlə bildirmişdir. Təxminən 2 il bundan əvvəl "xxxx" MTK tərəfindən inşa olunmuş binada yerləşən mənzilə çıxarış almaq lazım olduğunu cavabdehə dedikdə, cavabdeh mənzillə bağlı müqaviləni və maliyyə arayışını ondan alıb baxdıqdan sonra heç bir problemin olmadığını, yəni məsələni həll edəcəyini bildirmişdir. Bundan sonrakı görüşləri zamanı cavabdeh işin həllində müəyyən problemlərin olduğunu, həmin problemlərin həlli üçün isə pul lazım olduğunu bildirərək, ondan 3 dəfəyə ümumilikdə 8000 manat məbləğində pul almışdır. Lakin bundan sonra da nəticə etibarı ilə mənzilə çıxarış alınmamış, pulu isə qaytarılmamışdır. Məsələ ilə bağlı görüşləri zamanı Cavabdeh xəstəsi olduğunu, verdiyi pulları borc kimi hesab etməyi və həmin pulları tezliklə qaytaracağını vəd etmişdir. Lakin bu söhbətlərdən sonra da cavabdeh pulunu qaytarmamış, pulunu almaq üçün etdiyi bütün cəhdlər isə heç bir nəticə verməmişdir. Odur ki, o, Cavabdeh bu hərəkətindən etibarından sui-istifadə etməklə onu aldatdığı qənaətinə gələrək Bakı şəhəri Səbail RPİ-nə şikayət etmək məcburiyyətində qalmış və şikayəti əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Cavabdeh izahatı alınmış və cavabdeh izahatında hqiqətən də ondan yuxarıda göstərilən məbləğdə pul aldığını, lakin həmin pulu qaytarmadığını və borclu qaldığını bildirmişdir. Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri Səbail RPİ-nin İŞ-inin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarın nəticə hissəsində məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Ona görə də hesab edir ki, məsələ məhkəmə qaydasında həll edilməli və cavabdehdən 8000 manat məbləğində pul alınaraq ona verilməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddiaçının izahatı ilə eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə münasibətləri çox yaxşı olmuşdur. Onun həyat yoldaşı əməliyyat olanda iddiaçı dostlarının yanında ona 16000 manat məbləğində pul vemişdir. Hazırda onun iddiaçıya 7000 manat borcu qalmışdır. O, 2 ay ərzində iddiaçıya qalan 7000 manat borcunu ödəyəcəkdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, İddiaçı 2017-ci il tarixdən tanıyır, yaxın münasibətləri olmuşdur. 2019-cu ildə Ruslan ona BƏM-nin yanında "xxxx" MTK tərəfindən inşa olunan binada mənzili olduğunu demiş və həmin mənzilə çıxarış alınmasını ondan xahiş etmişdir. Bir neçə gün sonra ona həmin 3 otaqlı mənzilin müqaviləsini və maliyyə arayışını vermişdir. O, sənədi 1 saylı ərazi idarəsinə aparıb rəsmi qəbula vermişdir. 1 həftə sonra mühəndis zəng edib mənzilə baxış keçirildiyini söyləmiş və o, "xxxx" MTK-nın həyətinə gələrək mühəndisi qarşılamış, lakin onları binaya buraxmamışlar. O 1 saylı ərazi İdarəsinə getmiş və orada binanın üzərinə məhdudiyyət qoyulduğunu və binanın sahibinin həbs olunduğunu demişlər. Sonra o, imtina məktubu tələb etmişdir. İmtina məktubu aldıqdan sonra Məhkəməyə müraciət etmişdir. Məhkəmə cavab olaraq bildirmişdir ki, biraz gözləmək lazımdır ki, məhdudiyyət aradan götürülsün. Həmin ərəfədə onun xəstəsi olduğu üçiin ruslandan borc pul istəmiş və Ruslan ona 6.000 manat borc pul istəmişdir. Ruslan da ona 6.000 manat borc pul vermişdir. Çünki əməliyyat olunduğuna görə pula ehtiyacı olmuş, sonra isə Ruslandan borc olaraq 6000 manat bir. 500 manat da rayona getdikdə almışdır. Bir müddət keçdikdən sonra o, təkrar 1 saylı ərazi idarəsinə gedib həmin bina haqqında məlumat almışdır. Lakin məhdudiyyətin götürüldmədiyini demişlər. O, Ruslandan borca aldığı 6000 manat pulu qaytarmış, qalan 7000 manat pulu isə qaytarmamışdır. Bundan başqa X2 qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış almaq lazım olduğunu demişdir. O, sənədləri Hüseyndən almışdır. İki gün sonra o, Hüseyndən 500 manat pul istəmişdir. 1 həftə sonra yenidən kartına 500 manat pul göndərmişdir. Bir neçə gün sonra Hüseynə zəng edib borca 1000 manat pul istəmişdir. 15 gün sonra Bakı şəhəri İcra Hakimiyyətindən ona demişlər ki, sənədin içində olan orderin arxivi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı mənzilə çıxarış almaq üçün 8000 manat pul almışdır. Lakin mənzilə çıxarış alınmamışdır. Cavabdeh İddiaçı 7000 manat borcunun olması faktı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında cavabdehin özünün verdiyi izahatı və məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqini tapmış və həmin faktı təkzib edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 7000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 87,50 manat məbləği cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat məbləğində pul və 87,50 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar