Məhkəmə qərarları › İş №e-2(012)-4717/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4717/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4717/2022 13.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5082 manat və Mediasiya xərci kimi ödənilmiş 50 manat rüsumunun və ödənilmiş 22 manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 262-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6265 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1182 manat güzəşt edilmişdır, qalıq borc 5082 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək müqaviləsinə əsasən o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli X6 haqqında Müqavilədən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında işçinin vəzifə funksiyaları və vəzifə məsuliyətləri göstərilməklə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən X2 adminstrator vəzifəsinə keçməyinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il 262-K saylı əmrdən görünür ki, Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən Cavabdeh öz xahişi ilə xitam verilmişdir. İş materiallarında olan 04 fevral 2022-ci il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işçlərinin nəticəsi olaraq hesabında xx.xx.2019-cu il tarixində 1728,31 manat, xx.xx.2020-ci il tarixində 4536,36 manat və ümumi olaraq 6264,67 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 1182,46 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh 04 fevral 2022-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5082,21 manat təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. 04 fevral 2022-ci il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işçlərinin nəticəsi olaraq hesabında xx.xx.2019-cu il tarixində 1728,31 manat, xx.xx.2020-ci il tarixində 4536,36 manat və ümumi olaraq 6264,67 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 1182,46 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh 04 fevral 2022-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5082,21 manat təşkil edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-nin qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və buna görə də Cavabdeh mülki hüquq məsuliyyəti daşımaqla İddiaçı MMC-yə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hisədə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 22 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə 5082 manat pul və ödənilmiş 22 manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar