Məhkəmə qərarları › İş №e-2(012)-4737/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4737/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4737/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1280 manat məbləğində borc pul və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğində pul olmaqla, cəmi 1313 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh Abşeron rayonu, Masazır kəndində qəssab kimi işlədiyi yerdən tanıyır. Belə ki, o, mütəmadi olaraq cavabdehdən ət almışdır. O isə restorana məhsul verməklə məşğul olmuşdur. 2022-ci ilin aprel ayında Qurban bayramına görə iribuynuzlu heyvan almaq üçün cavabdeh ondan 1500 manat pul istəmişdir. Onlar pulu cavabdehin ona verəcəyi iribuynuzlu heyvan ilə əvəzləşdirəcəklərini sözləşmişdirlər. Cavabdeh pulu 1 həftəyə qaytaracağını bildirmişdir. Hazırda cavabdehin ona 1280 manat məbləğində borcu vardır. Lakin cavabdeh hər dəfə pulunu qaytarmağa söz versə də, vədinə əməl etməmişdir. Buna görə də o, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirdi ki, o, qəssabdır. İddiaçı ondan mütəmadi olaraq ət almışdır. İddiaçı əvvəlcə ona 300 manat, daha sonra 200 manat məbləğində depozit qoymuşdur. İddiaçı ona 1300 manat və 200 manat olmaqla, cəmi 1500 manat borc vermişdir. O, 1500 manat borcdan 300 manat məbləğini iddiaçıya qaytarmışdır. Hazırda onun iddaçıya 1180 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı Cavabdeh 1500 manat məbləğində borc vermişdir. Lakin cavabdeh məhkəmə iclasında izahatında və ünvanladığı ərizədə 1180 manat borcunun qaldığının etiraf etdiyindən və həmin faktı təkzib edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 1180 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 33 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1180 manat məbləğində pul və 33 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar