Məhkəmə qərarları › İş №e-2(012)-4742/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4742/2022

21.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4742/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 1065,95 manat, vəkil xərci kimi 400 manat, həmçinin dövlət rüsumunun əvəzi kimi 35 manat pulun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/8543 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz ediməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********95640 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində ZENNER G-4T mexaniki markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istehlak etdiyi təbii qazın dəyərini ödəməmişdir. Onun borcu 1065,95 manat təşkil edir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı İB-nin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O qeyd etmişdir ki, tələb edilən borc yalnız debitor borcudur. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, təbii qazı istehlak etmiş, lakin dəyərini ödəməmişdir. Hazırda borcu bir dəfəyə ödəmək iqtidarında deyil. Lakin hissəhissə ödəniş edərək borcu bağlaya bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 14/8543 saylı müqaviləyə əsasən sonuncunun Abşeron rayonu Masazır qəsəbəsi, S.Aşıq küçəsindəki fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********95640 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. **********95640 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazın istehlak edilməsinə görə borcu 2020-ci ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək 1065,95 (335+1215,75+36,60-56,40-465) manat təşkil edir. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirafından da görünür ki, həqiqətən də cavabdeh qeyd olunan ünvanda 1065,95 manatlıq təbii qazdan istifadə etmiş və onun dəyərini qazpaylayıcıya ödəməmişdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi, S.Aşıq küçəsindəki fərdi yaşayış evində (abonent kodu: **********95640) sayğacdan keçən 1065,95 manatlıq təbii qazı istehlak edərək, onun dəyərini İddiaçı İB-yə ödəmədiyindən iddia təmin edilməli, 1065,95 manat pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 1065,95 manat və dövlət rüsumu üçün ödənilmiş 35 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar