Məhkəmə qərarları › İş №e-2(012)-4790/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4790/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4790/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızına qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdeh Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızına qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, FN-00006-01/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 945 manat əsas borc, 69,44 manat faiz borcu, 37,48 manat cərimə borcu olmaqla, cəmi 1051,92 manat, dövlət rüsumu olaraq ödənilmiş 30,52 manat məbləğində pul və 0,40 manat bank xidməti haqqının cavabdehdən Bank "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qzı arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00006-01/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi qaydada, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli FN-00006-01/21A saylı kredit müqaviləsindən müəyyən edilir ki, Bank "xxxx" ASC 2000 manat məbləğində krediti illik 23 % ilə 24 ay müddətinə Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızına vermişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Bank "xxxx" ASC ilə Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00006-01/21A saylı kredit müqaviləsinə əsasən, cavabdehin həmin tarixə hesablanmış və ödənilməmiş 945 manat əsas borc, 69,44 manat faiz borcu, 37,48 manat cərimə borcu olmaqla, cəmi 1051,92 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə hesablanmış 37,48 manat cərimə azaldılmalı və 4,56 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızı arasında xx.xx.2021-ci il tarixli FN-00006-01/21A saylı kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızından 945 manat əsas borc, 69,44 manat faiz borcu, 4,56 manat cərimə borcu olmaqla, cəmi 1019 manat məbləğində pul vəsaiti alınaraq Bank "xxxx" ASC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, 30,92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nəcəfova (Məcidova) Hüsniyyə Sabir qızından 945 manat əsas borc, 69,44 manat faiz borcu, 4,56 manat cərimə borcu olmaqla, cəmi 1019 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,92 manat məbləğində pul vəsaiti tutularaq Bank "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar