Məhkəmə qərarları › İş №e-2(012)-4986/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4986/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4986/2024 12.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 389,46 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 519,86 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Sonradan Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X3 tərəfindən verilmiş köhnə lisenziya UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya iə yenilənmişdir. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Bakı şəhəri, Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı satqı müqaviləsindən görünür ki, qanunsuz qoşulmanın təsbit edildiyi tarixdə mənzil cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Ramiz Fətullayev ilə bağlanmış müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 60 qəpik borcla şəbəkədən ayrılmışdır. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 7405 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2018-cı il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7405 saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2015-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2018-ci ilədək olan müddət 1184 gün təşkil edir. Qeyd edilən 1184 günün 42 günü hər gün üçün 30 qəpik, 1142 gün üçün 33 qəpik olmaqla 389,46 manat maddi ziyan təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir, yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana pretenziya məktubları göndərilmiş məktub geri qayıtmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödəyir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1-ni 70000 manata X1. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Ramiz Fətullayev ilə bağlanmış müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 60 qəpik borcla şəbəkədən ayrılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 7405 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 7405 saylı aktdan görünür ki, “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İşdə olan İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün Cəmiyyət tərəfindən firmanın hesabına 100 manat pul ödənilir (xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı). İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-də kabel televiziyası xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən hal hazırkı vaxta kimi 10 manat təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin mülkiyyətində olan mənzil qanunsuz olaraq iddiaçının xidmət göstərdiyi kabel şəbəkəsinə qoşulmuş və ödəniş etmədən bu xidmətdən 1184 gün istifadə etmişdir. İşdə olan aktlarla və video çəkilişlə bu hal tamamilə təsdiq olunur. Qeyd edilən 1184 günün 42 günü hər gün üçün 30 qəpik, 1142 gün üçün 33 qəpik olmaqla ümumi zərərin məbləği 389,46 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tamödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanununun 35-ci maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Qeyd olunduğu kimi, cavabdehin kabel şəbəkəsinə xidmətin dəyərini ödəmədən qoşulması, beləliklə, iddiaçıya zərər vurması işin faktiki halları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından zərərin əvəzi kimi 389,46 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinəə sasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən həmçinin görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış, xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün Cəmiyyət tərəfindən firmanın hesabına 100 manat pul ödənilmişdir. Bunu xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı təsdiq edir. Hazırki mübahisə üzrə iddiaçının Cəmiyyətə ödədiyi həmin vəsait də cavabdehdən tutularaq ona qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 489,46 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu və bank xidməti üçün ödənilmiş cəmi 30,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 489,46 manat və dövlət rüsumu üçün 30,40 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar