Məhkəmə qərarları › İş №e-2(012)-4989/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4989/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4989/2025 24.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 13719,17 manat əsas, 219,51 manat faiz, 1,36 manat cərimə borcu olmaqla, cəmi 13940,04 manat və dövlət rüsumu olaraq ödənilmiş 131,82 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 fevral 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15,9 faizlə 35 ay müddətinə 16000 manat kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh Banka 22 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 13719,17 manat əsas, 219,51 manat faiz, 1,36 manat cərimə borcu olmaqla, cəmi 13940,04 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 22 fevral 2024-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 15,9 % ödəmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə 22 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 13719,17 manat əsas, 219,51 manat faiz, 1,36 manat cərimə borcu olmaqla, cəmi 13940,04 manat borcu vardır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22 fevral 2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh 13719,17 manat əsas, 219,51 manat faiz, 1,36 manat cərimə borcu olmaqla, cəmi 13940,04 manat pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 131,82 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13719,17 manat əsas, 219,51 manat faiz, 1,36 manat cərimə borcu olmaqla, cəmi 13940,04 manat və ödənilmiş dövlət rüsumu üçün 131,82 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar