Məhkəmə qərarları › İş №e-2(012)-4996/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4996/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4996/2024 09.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 102,25 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində bildirmişdir ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 24 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ № 171268 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin məlumatına əsasən X2 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 102,25 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6- 2-22/2-28878/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsindən görünür ki, X4 ilə "xxxx" ASC arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən X3 24 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ № 171268 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin elektron informasiya sistemindən çıxarışının surətindən görünür ki, Cavabdeh mərhum X2 miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olmuşdur. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 17 avqust 2024-cü il tarixinə 102,25 manat əsas borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 102,25 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar