Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-506/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Xələfova Günel Cavanşir qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 1996.89 manat borc, ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Xırdalan” fililalı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********56 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1 -ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə 8V-969 nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X1 Banka ödənilməmiş qalan 1996.89 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək iddianın təmin olunmamasını xahiş etdi.Bildirdi ki, mirasın qəbulu barədə ərizə ilə Notariusa müraciət etsə də, miras əmlak olmadığından ona vərəsəlik şəhadətnaməsi verilməmişdir.Yaşadığı evin sənədi yoxdur, özbaşına tikilidir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********56 saylı Kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank X3 48 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək illik 20 % olmaq şərtilə 2900 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan BPM**********56 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlindən görünür ki, borclunun xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan borcu 2900 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 706 №-li maliyyə arayışdan müəyyən edilir ki, X1 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC-yə kredit müqaviləsi üzrə 06 sentyabr 2022-ci il tarixinə 1500,83 manat əsas borc, vəfat etdiyi tarixə 496.06 manat faiz borcu, cəmi 1996.89 manat borcu vardır. Gədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 174790 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinə ünvanladığı ərizənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, 2020-ci ildə ünvan 2 ünvanında yaşamış anası - X4 ölmüş, ondan irs qalmış əmlakı cavabdeh qəbul etmişdir, ondan başqa vərəsə yoxdur. Mirasın tərkibinə daxil olan yaşayış sahəsindən (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin əmlakın növü və vərəsəliyə çağırılmanın əsası fərdi qaydada göstərilməklə verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan tarixli Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il məktubundan görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinə 07 iyul 2020-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair Cavabdeh müraciət etmiş və vərəsələr sırasına daxil edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq, X3 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd verməyi xahiş etmişdir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, X1 vərəsəsi Cavabdeh borcu 5 gün müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cu maddəsinə görə Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, borclu vəfat etdiyindən müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən borcalanın qızı olan Cavabdeh anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud deyildir.Belə bir şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh anası X1 iddiaçı qarşısında öhdəliyini əsaslandıran sübut olmadığından iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 49 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva İş № 2(012)- 506/2023 Azərbaycan Respublikası adından QƏTNAMƏDƏNÇİXARİŞ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 17 yanvar 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-506/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-506/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver