Məhkəmə qərarları › İş №e-2(012)-5132/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5132/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5132/2024 20.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 3017,28 manat məbləğində əsas borc, 376,12 manat məbləğində cari faiz borcu və 30 manat cari dəbbə borcu olmaqla, cəmi 3423,40 manat məbləğində kredit borcunun və 55,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 30 faiz olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876- 23874+BAKU1-78996 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir və borclu ödəniş qrafikinə əsasən hər ay 194 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.4.1. və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 22 avqust 2024-cü il tarixi üçün Cavabdeh1 verilmiş kredit üzrə 3017,28 manat əsas borc, 376,12 manat faiz borcu və 30 manat dəbbə borcu olmaqla, cəmi 3423,40 manat borcu mövcuddur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, iddiaçı "xxxx" BOKT MMC ilə aralarında 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi bağlandıqdan sonra 3 ay müddətində ödəniş edə bilmiş, lakin sonralar ailədə vəziyyət pisləşmişdir və atası ruhi xəstəlikdən əziyyət çəkdiyindən ailənin yükü onun üzərindədir. O, iddiaçı təşkilata olan borcunu ödəməkdən yayınmır, amma onun tələb edilən borcu ödəməyə maddi imkanı kifayət etmir. Belə ki, övladı əməliyyat olunmuşdur, başqa banka ödəməli olduğu borcu vardır və həmin borca görə hər ay ödəniş etməlidir. O, kirayə evdə yaşayır və evdə ondan başqa işləyən yoxdur. Onun banklara olan borcu, ümumilikdə, 13000 manat təşkil edir. O, hazırda işləyir, ayda 1600 manat maaş alır və iddiaçıya olan borcunu gücü çatdığı qədər ödəyəcəkdir. Lakin Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin daha sonra məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 30 faizlə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874+BAKU1-78996 saylı zaminlik müqaviləsindən görünür ki, 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 3017,28 manat məbləğində əsas borcu, 376,12 manat məbləğində faiz borcu və 30 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3423,40 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 472.2-ci, 472.3-cü və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874+BAKU1-78996 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh1 ilə iddiaçı "xxxx" BOKT MMC arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, BAKU1-78876-23874 saylı kredit müqaviləsi üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 55,40 manat dövlət rüsumu da cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3017,28 manat məbləğində əsas borc, 376,12 manat məbləğində faiz borcu, 30 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3423,40 manat borc və iddia qaldırılması üçün ödənilmiş 55,40 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar