Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5168/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5400 manat əsas borc və illik 5 faizlə hesablanmış 405 manat, habelə hüquqi yardıma görə ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər 5 saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixə qədər qaytarmaq şərtilə 5400 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc məbləği xx.xx.2024-cü il tarixədək notarisun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öz üzürinə götürmüşdür. Lakin Cavabdeh danışıqları zamanı ona yalan vədlər verərək aldadıb gəlirlərin yaxın günlərdə həll olunacağını, onu hər dəfə aldatmış, pulunu geri tələb edəndə isə telefonlarına cavab verməməyə başlamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, təmin edilməsinə etiraz etmədi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-711 nömrə ilə qeyd edilmiş borc müqaviləsinə əsasən borc verən borc alana 5400 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə borc vermiş, borc alan borc verəndən 5400 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə qəbul etmiş, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Bakı şəhəri 28 saylı Vəkil Bürosu (vəkil Nümayəndə) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-2198VK-44311/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, 320 manat məbləğində pul İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yazılı şəkildə notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-711 nömrə ilə qeyd edilmiş borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 5400 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə borc vermiş, Cavabdeh İddiaçı 5400 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə qəbul etmiş və borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 5400 manat məbləğində borcu bugünədək borc verənə qaytarmamışdır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə izahatında iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcunun olduğunu etiraf etmişdir. Buna görə də, o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə ki, qeyd edilənlər nəzərə alınmaqla, Cavabdeh xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-711 nömrə ilə qeyd edilmiş borc müqaviləsi üzrə ödənilməmiş 5400 manat məbləğində borc pulu İddiaçı ödəməlidir. Məhkəmə iddia tələbinin pul vəsaitinin vaxtında qaytarılmaması səbəbindən gecikdirilmiş vaxt üçün hesablanmış 405 manat gecikdirilmiş faiz borcu məbləğinin iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı borc müqaviləsinə əsasən aldığı borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə borc müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun da irəli sürülmüş iddia tələbi həcmində cavabdehdən tutulmasını qanuni hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar xərclər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 320 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat pul da tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5400 manat pul, gecikdirilmiş vaxt üçün hesablanmış 405 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat pul tutularaq İddiaçı ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5400 manat, gecikdirilmiş vaxt üçün hesablanmış 405 manat olmaqla, cəmi 5805 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5168/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5168/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver